Ekspert: “Ər-Riyad Bakı ilə hərbi əməkdaşlıqda maraqlıdır”

0
314789

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 4-dən Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Faiyad bin Hamed Al Rovaili ilə görüşüb. Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub. Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

VOİCEPRESS
teleqraf.com-a istinadən xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə hərbi, hərbi-texniki sahədə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq istəyir. Onun sözlərinə görə, müdafiə nazirinin Səudiyyə Ərəbistanının birinci şəxsi də daxil olmaqla müdafiə sahəsinə məsul şəxsləri ilə keçirdiyi görüşlərdə müəyyən razılaşmalar əldə olunub: “Düşünürəm ki, yaxın vaxtlarda bu razılaşmalar hüquqi sənədlərdə öz əksini tapacaq. Çünki Azərbaycan Səudiyyə Ərəbistanını hərbi sənayenin ən mütərəqqi ölkələrindən biri sayır. Bu ölkə tərəfindən müdafiə və təhlükəsilik sahəsinə hər il 80 milyard dollardan artıq vəsait ayrılır. Düşünmürəm ki, biz ordan hansısa tanklar, toplar, yaxud da ağır texnika alacağıq. Amma ən azı bildiyim qədər biz onlardan hərbi tibb sahəsi, hərbi rabitə, o cümlədən bir sıra hərbi texnologiyaları alacağıq. Səudiyyənin özünün də Azərbaycanla birgə bəzi fəaliyyətlər həyata keçirməkdə marağı var”.

Ü.Cəfərov qeyd edib ki, həm müdafiə naziri, həm də kralın özü ilə keçirilən görüşlərdə bütün bu məsələlər müzakirə olunub və tərəflər ikitərəfli münasibətləri bir qədər də genişləndirməklə bağlı artıq müəyyən razılığa gəliblər: “Görüşlərdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müdafiə sahəsində gələcək planları razılaşdırmaq yolları da müzakirə olunub. Yəqin ki, Müdafiə Nazirliyi səfər və səfər zamanı müzakirə olunan məsələlərlə bağlı məlumat yayacaq. Müdafiə Nazirliyindən əlavə Səudiyyə Ərəbistanının özünün də təqdim edəcəyi arayış olacaq. Həmin arayışa əsasən yəqin ki, hansı silahların alınması barədə biz müəyyən bilgiyə malik olacağıq”.

Bəs, Səudiyyə Ərəbistanı silah istehsal edən ölkədirmi? Azərbaycan bu ölkədən hansı silahlar ala bilər? Bu sualımızı da cavablandıran Ü.Cəfərov Səudiyyə Ərəbistanının silah istehsal edən ölkə olduğunu vurğulayıb. Bununla belə Ü.Cəfərov hansısa silahların adını çəkməyin doğru olmadığını bildirib: “Biz sadəcə olaraq rəsmi qurumların hansı məlumat verəcəklərini gözləməliyik. Buna uyğun olaraq bəzi məlumatları açıqlaya bilərik. Çünki bəzi məsələlər hərbi sirr xarakterli məlumatlardır. İndidən bu məlumatların bizim tərəfimizdən açıqlanması bir qədər düzgün olmazdı. Az öncə qeyd etdiyim kimi ən azı hərbi tibb, hərbi rabitə, yüksək texnologiyalar, ordumuzun müdafiəsi və təhlükəsizliyi üçün nə tələb olunursa onlar Səudiyyə Ərəbistanından alınacaq. Yəqin ki, müəyyən silah-sursatların alınması ilə də bağlı danışıqlar aparılıb. Çünki Səudiyyə Ərəbistanı Azərbaycanda keçirilən Beynəlxalq Müdafiə Sərgiləri – ADEX-də aktiv iştirak edir. Bilirsiniz ki, bəzi silah-sursatlar sərgidə nümayiş olunmur. Bu baxımdan Səuriyyə Ərəbistanı həm nümayiş etdirilən, həm də məxfi qrifi altında saxlanılan silah-sursatı satmaqda maraqlıdır. Odur ki, çox güman biz həmin silahlardan da əldə edəcəyik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here