“Cəmiyyətin müəllimlərə inamı itib” – Təhsil eksperti

0
314796

“Bu gün cəmiyyətin müəllimlərə inamı, etibarı itib. Səbəb hər gün bir bəhanə ilə onların dərs saatlarının azaldılması, işdən azad edilməsi və nəticədə təhsildən uzaq sahələrdə məşğul olmasıdır”.

VOİCEPRESS xəbər verir ki, bu fikirləri azvision.az-a təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müəllimlərlə yanaşı, imtahan götürənlər də sınağa çəkilməlidir.

“Təsəvvür edin, 2014-cü ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi başladı. Bundan əvvəl isə müəllimlərin işə qəbulu üçün test imtahanı keçirilir. Bir insan testlə ali məktəblərə qəbul olur, test imtahanı ilə smestr imtahanı verir, dövlət imtahanı verir. Sonra işə qəbul olunmaq üçün test imtahanı verir. İşə qəbul olandan sonra da diaqnostik imtahan edilir. Gələn ildən etibarən müəllimlərin sertifikatiyası, ondan sonra atestasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Yəni müəllim ancaq imtahan verməklə məşğul olur. Əlbəttə, bu lazımdır, amma nəticə olmalıdır”.

K.Əsədovun hesab edir ki, verilən imtahanlar müəllimlərin əmək haqqına ciddi şəkildə təsir göstərməlidir: “Doğrudur, imtahanların müsbət nəticəsi odur ki, saxta sənədlərdən istifadə edərək fəaliyyət göstərənlər sistemdən azad edilir. Amma bütün hallarda imtahanlarda müəllimin aşağı səviyyədə nəticə göstərməsi ona olan inamı azaldır və bu təhsilin inkişafına maneə yaradır. Məncə, diaqnostik imtahanlardan sonra bir neçə il gözləmək və bu müddətdə müəllimlərin nəticələrini ciddi təhlil etmək, zəif nəticə əldə etmiş müəllimlərin üzərində işləmək lazımdır”.

Müəllimlərdən imtahan götürən şəxslərə gəlincə, təhsil eksperti vurğulayıb ki, əvvəllər təhsil sistemində çalışanlar mütləq şəkildə bu sistemdə azı beş il fəaliyyət göstərən, çalışan insanlar idi. Onlar müəllimin, məktəbin nə olduğunu başa düşür, əziyyətini anlayırdı. İndi isə kresloda oturub ancaq qanunvericilik aktlarına istinadən, nizamnamənin tələbləri ilə, dünya təcrübəsindən beş məqalə oxumaqla təhsil müəssisələrinin, təhsilin taleyi ilə bağlı qərarlar qəbul etmək olmaz.

K.Əsədov bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna görə, vəzifələrin tutulması üçün test imtahanı olmalıdır. Amma 2014-cü ildən təhsil idarəetmə sistemi dövlət qulluğunda ən az vakansiya olan yerlərdir. “Hesab edirəm ki, ilk növbədə bu sahədə çalışanlar tez-tez imtahan edilməlidir ki, görək onlar təhsildən nə qədər anlayırlar. Bir dəfə əlində jurnal sinifdə olmayanlar necə bu sahənin inkişafına təsir göstərə bilər? Yəni yeniliklərin faydalı olacağına ancaq bu sahədə mövcud problemləri işləyərkən qarşılaşdıqdan sonra bilmək olar. Nəzəriyyə ilə idarəetmə olmaz. Dəfələrlə demişəm və yenə də o mövqedəyəm ki, bunun adını sınaq imtahanı qoyaq, istər diaqnostik qiymətləndirmə, istər lisenziya, istər sertifikasiya və ya attestasiya adlandıraq, bütün hallarda prosesə rəhbər pedaqoji işçilərdən başlamaq lazımdır. Əlavə edim ki, hələ 1999-cu ildə qəbul olunan İslahat Proqramında konkret olaraq müəllimlərin deyil, ümumilikdə rəhbər və pedaqoji kadrların qiymətləndirilməsi vəzifəsi irəli sürülmüşdü. Amma indiyə qədər məktəb direktorları, təhsil şöbəsinin müdirləri və əməkdaşları, təhsilə rəhbərlik edən qurumların rəhbərləri imtahana cəlb olunmayıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here