Bu il Kürdəmirdə 4 min hektar sahədə çiyid səpini aparılacaq

0
291185

Aprelin 3-də rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar geniş yığıncaq keçirilib.

VOİCEPRESS xəbər verir ki, yığıncaqda Kürdəmur Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Rüfət Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bildirdi ki, 2017-ci il 28 mart tarixdə Saatlı rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi.Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Kürdəmir rayonu sovet dönəmində Respublikanın böyük pambıqçılıq rayonlarından biri olub. Həmin dövrlərdə pambıqçılığa Kürdəmir rayonunda da xüsusi diqqət ayrılmışdır. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi..Cənab Prezident pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü, suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlərin görüldüyünü, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi. Ceyhun Cəfərov qeyd edib ki, 2016-cı ildə rayonumuzda bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılmış, şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.Müqavilə bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Məhsul yığımı dövründə 2000 nəfərə yaxın işçi qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 2111 tonadək pambıq tədarük edilərək zavoda təhvil verilmişdir. Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq 2017-ci ildə 4 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, su mənbəyinə yaxın və meliorativ cəhətdən əlverişli torpaq sahələri müəyyən edilmiş, 4000 hektar sahədə dondurma şumu aparılmış və arat işləri başa çatdırılmış, sahələr səpin üçün hazır vəziyyətə gətirilmişdir.Pambıq əkilən inzibati ərazi dairələri üzrə məhsul istehsalçılarının siyahıları tərtib edilmiş, onlarla müvafiq emal müəssisələri arasında müqavilələrin bağlanması təmin edilmişdir.Belə ki, 3106 hektarda 164 nəfərlə “MKT İK”MMC ilə, 894 hektarda 31 nəfərlə “Kürdəmir Kənd Təsərrüfatı” MMC ilə müqavilələr bağlanmışdır. Pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənmiş, lazımi hidrotexniki qurğular qurulmuş, suvarma şəbəkələri hazır vəziyyətə gətirilmişdir.Pambıq əkininin optimal müddətdə başa çatdırılması məqsədi ilə “MKT İK” MMC tərəfindən rayona ayrılmış texnikalar saz vəziyyətə gətirilmiş, onlara texniki baxış keçirilmişdir. Artıq rayon ərazisində pambıq sahələrində əkin aparılması üçün mala işləri aparılır, səpin üçün sahələr hazır vəziyyətə gətirilir.İcra Başçısı çıxışının sonunda vurğulayıb ki,cari ildə pambıq səpini rayonumuzda yüksək səviyyədə təşkil olunacaq və səpin optimal müddətdə başa çatdırılacaqdır.

Yığıncaqda Kürdəmir Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Mollakənd Mexaniki Suvarma idarəsinin rəisi Əhliman Kərimov,“MKT İK”MMC-nin Saatlı filialının Kürdəmir pambıq istehsalına nəzarət şöbəsinin müdiri Ağalar Hacıyev,Qarasu pambıqçılıq təsərrüfatının rəhbəri Şakir Teyyubov və Çöhranlı pambıqçılıq təsərrüfatının rəhbəri Mübariz Hacıyev çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Rüfət Məmmədov çıxış etdi.

Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilib.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here