Böyük erməni yalanının 102-ci ildönümü -Bu gün ermənilərin ağlaşma günüdür

0
313998

Sabir Rüstəmxanlı: “Xristian həmrəyliyi getdikcə güclənir…”
Bu gün qondarma “erməni soyqırımı” iddiasının 102 illiyidir. Hər il bu təqvimlə bağlı ermənilər min cür oyundan çıxırlar. Bəs, görəsən qondarma iddia ilə bağlı düşmənin təbliğat maşını ildən-ilə güclənir, yoxsa zəifləyir?

Məsələ ilə bağlı danışan VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı “soyqırım”ın tanıdılması üçün erməni təbliğatının illər keçdikcə daha da gücləndiyini düşünür: “Bu proses zəifləmir, əksinə, güclənir. Burada xristian dövlətlərinin rolu var, ermənilərə onlar da yardım edirlər. Xristian həmrəyliyi getdikcə güclənir. Rusların siyasətinin də ermənilərə xidmət etdiyi göz önündədir. Türk dövlətlərinin güclənməsini Rusiya istəmir. Qarabağ məsələsi də ona görə ortaya atılıb. Ərazilərimizi işğal edib ermənilərə verəndə məhz Rusiya bu məqsədi güdürdü. Erməni diasporu da getdikcə yayılır, təbliğat baxımından güclənir. Bir vaxtlar ”soyqırım”ın olduğunu deyən dövlətlər indi “soyqırım yoxdur” deyənlərə qarşı cəzalar tətbiq edirlər. Türk xalqına, Türkiyəyə qarşı təzyiqlər etmək üçün ildən-ilə Qərb dünyasında bu məsələni dərinləşdirirlər. Dünyada bu yalanı qəbul edən dövlətlərin sayı artdıqca, təbliğat da güclənir. Vaxtilə Ermənistan SSRİ-nin tərkibində idi və onların siyasətinə uyğun şəkildə addım atırdı. Müəyyən qədər sərhədlər var idi. İndi Ermənistan müstəqildir və başında da terrorçular, dövlətçilikdən xəbəri olmayan şəxslər dayanıblar. Müstəqillikdən istifadə edərək, ildən-ilə Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirirlər. Daha geniş miqyasda anti-islam, anti-türk siyasətini aparırlar. Müstəqil dövlət olmaq da bu məsələdə böyük rol oynayır. Burada illər uzunu Türkiyənin o qədər də əhəmiyyət verməməsi də mühüm rol oynayır. Düzdür, son illərdə vəziyyət bu istiqamətdə bir qədər dəyişib”.

S.Rüstəmxanlı güclənən təbliğatın qarşısının alınması yollarından da danışdı: “Ermənilər olmayan bir şey haqqında minlərlə kitab buraxıb. Türkiyə buna cavab verməlidir. Buna uyğun şəkildə təbliğatını qurmalıdır. Həmin dövrün hadisələrini real şəkildə əks etdirən kitablar çap etməli, kinolar çəkilməlidir. Bu məsələdə erməniləri yamsılayıb, onların arxasınca getmək lazım deyil. Amma elə şeylər var ki, ona onların etdikləri ilə cavab vermək lazımdır. Türkiyənin diasporu əslində ermənilərinkindən zəif deyil. Amma erməni diasporu yaxşı təşkilatlanıb, arxalarında erməni kilsəsi, dolayısı yolla da Vatikan dayanıb. Buna uyğun şəkildə Türkiyə müsəlman ölkələrinə bu məsələnin mahiyyətini göstərməlidir. İslam Konfransı Təşkilatında İslam ölkələri parlamentinin üzvü idim. Bir dəfə həmin parlamentin iclasında bu məsələ barədə danışdım. Həmin vaxt Fransada ”soyqırım”ı inkar edənlərlə bağlı cəzalar nəzərdə tutulan qanun qəbul olunmuşdu, sonralar bu qanun ləğv olundu. Çıxışımda dedim ki, islam dövlətlərinin bu məsələdən xəbərləri olmalıdır. Türkiyə tərəfi orada dedi ki, elə də əhəmiyyət verməyək, Fransa nə deyirsə desin. Bildirdim ki, təşkilatda 54 ölkə var, hər birinin də BMT-də səsi var. Yaxın qonşu ölkələr olsalar da, nəyisə bilməmə ehtimallarının olduğunu da orada qeyd etdim. Çıxışımdan sonra məlum oldu ki, Suriya, Səudiyyə Ərəbistanı kimi dövlətlərin heç biri məsələnin mahiyyətini bilmirlər. Bir gün sonra Türkiyənin Məclis başqanı ora gələndə özü ilə 500 kitab gətirdi. İslam ölkələrinin parlamentarilərinə paylamaq üçün.

Məsələn, bu hadisə ilə bağlı Azərbaycanda normal bir kitab buraxılmayıb. Türk ədəbiyyatından bunları oxuyuruq, amma Türkiyənin bu hadisə ilə bağlı dünya ölkələrində yayılması vacib olan kitabları nəşr etdirməsi çox lazımdır. Ermənilər olmayan şeydən öz əzabkeş obrazlarını yaradırlar. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan, yalanlarını yayan ermənilər haradan gedib ora çıxıblar? Türkiyə ərazisində əgər onlar öldürülmüşdülərsə, o zaman Amerika, Argentina və digər yerlərə necə gedib çıxıblar? Bu suallar qoyulmalı və bu sualların cavabları verilməlidir. Osmanlı İmperiyası birinci dünya müharibəsi zamanı məcbur idi ki, ona xəyanət edən xalqı ölkənin içərilərinə köçürsün. Dünyanın bütün xalqlarında buna bənzər şeylər olur. Ermənilər köçürülən yerlərdə onlara mal-mülk, torpaq sahələri veriblər. Onların təhlükəsizliyini təmin etmək üçün mühafizə dəstələri təşkil ediblər. Amma kürdlərin arasından keçəndə orada çoxlu toqquşmalar olub, bu zaman ölənlər olub. Bu əlbəttə insanlıq dramıdır, olmamalı idi. Amma o zaman rusların təşkilatçılığı ilə silahlanan 200 min erməni İğdirdən Vana qədər 2 milyondan çox türk öldürüblər. Bəs bunlar insan deyillər? Onların öldürüldüyü dedikləri ermənilərin sayından 8-10 dəfə çox türk öldürülüb. O zaman ermənilər 2 milyon belə deyildilər. İndi sayını qaldırıblar ki, guya 2 milyondan çox erməni həmin hadisələr vaxtı öldürülüblər. Olmayan ermənini türklər nə cür öldürüblər? Bütün bunların hamısı dünyaya çatdırılmalıdır”.

Xalq şairi bu istiqamətdə Azərbaycanın tutduğu yolun doğru olmasından da söz açdı: “Xocalı soyqırımı və Qarabağ və Qərbi Azərbaycandan bir milyondan çox soydaşımız çıxarılıb. Bunları dünya görmək istəmir, amma biz zorla bunu onların gözünə soxuruq. Xocalı soyqırımı real faktlarla sübut edilən erməni vəhşiliyidir. Bunları görmədən 102 il əvvəlki unudulan tarix barədə danışmaq absurddur. Bu istiqamətdə türk dünyası səylərini birləşdirməlidir”.(musavat.com)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here