Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir

0
314188

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu öz işinə başlayıb.

VOİCEPRESS xəbər verir ki, iki gün davam edəcək forumda dünyanın bir sıra ölkələrindən, o cümlədən Türkiyədən, ABŞ-dan, Böyük Britraniyadan, Rusiyadan 175 alim və tədqiqatçı iştirak edir.

Forumu giriş nitqi ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Qafqazın çoğrafi və geosiyası əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu bölgə dünyanın bir çox dövlətlərinin diqqət və marağında olan həssas bir regiondur.

A.Əlizadə çıxışında Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub: “Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünyaya çatdırılmasında və bu işğala son qoyulmasında alimlər böyük rol oynaya bilərlər”.

A.Əlizadə vurğulayıb ki, alimlər yuxarıda sadalanan məsələlərlə bağlı araşdırma aparmaqla region ölkələrinə bu işdə böyük yardımçı ola bilərlər: “Region dövlətlərində baş verənləri, böyük dövlətlərin regiona dair münasibətləri, münaqişələr barədə alimlər tərəfindən geniş araşdırma aparılmalı, elmi əsərlər ortaya qoyulmalıdır. Hazırda buna böyük ehtiyac var. Amma təbii ki, bunu təkcə alimlər deyil, siyasətçilər və digərləri də etməlidirlər. Azərbaycanda Qafqazşünasların Birinci Beynəlxalq Forumunun ölkəmizdə keçirilməsinin əsas məqsədi də elə bundan ibarətdir. Ümid edirik ki, bu, bizim işimizə böyük dəstək verəcək”.

Forumda çıxış edən Türk Tarix Qurumunun sədri professor Redik Turan bildirib ki, Qafqaz ən gözəl, qədim tarixə malik, türklərin etibar etdiyi ən böyük regiondur. O bildirib ki, Qafqaz 3 min illik tarixə malikdir: “Qafqaz coğrafiya olaraq fərqli yer kimi geniş əraziyə malikdir. Dünyanın ən dəyərli torpaqları burada yerləşir. Bütün bunlar bu bölgəyə geosiyasi üstünlüklər verməkdədir. Qafqaz gələcək də dünyada önəmli yer olaraq qalacaq. Bu bölgə hər zaman dünya dövlətlərinin diqqətindədir. Bakı-Tbilisi-Ceyhan layihəsi bu diqqəti daha da artırıb”.

Professor bildirib ki, Qafqaz böyük güclərin paylaşa bilməyəcəyi regiondur: “Qafqaza bağlı kitablar, əsərlər Türkiyədə böyük maraq kəsb edir. Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra Azərbaycanın ərazi bütövlüyü də həll olunacaq ki, bu da Qafqaza sülh və əmin-amanlıq gətirəcək”.

Rusiya Elmlər Akademiyası, Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişov isə bildirib ki, bu gün Rusiya ilə Azırbaycan arasında böyük iqtisadi, siyasi əlaqələr var: “Bu gün Rusiyada bazarlara və ya marketlərə daxil olanda Azərbaycan məhsullarının çoxluğunu görürük. Bu da o deməkdir ki, ölkələr arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Bizim Qafqazda dostlarımız var. Bura Azərbaycan, Gürcüstan, Çeçenistan və digərləri daxildir. Biz bərabər olub bir sıra problemləri aradan qaldıra bilərik”.

Forumda çıxış edən Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli bildirib ki, özünün coğrafi və geosiyasi əhəmiyyətinə görə Qafqaz bütün dövrlərdə diqqəti cəlb edib. O qeyd edib ki, Qafqaz Şərq ilə Qərb arasında həmişə mühüm körpü rolunu oynayıb. R.Metreveli vurğulayıb ki, XXI əsrin əvvəlində yeni reallıqlar Qafqaz regionun əhəmiyyətini daha da artırıb. Akademik əlavə edib ki, Qafqaz xalqları həmişə öz mədəniyyətləri, bir-birilərinə qarşılıqlı hörməti ilə də öndə olub: “Ona görə də alimlər və siyasətçilər Qafqazın qloballaşmasının qarşısını almalıdır. Qloballaşma mədəniyyətlərə təhlükədir”.

R.Metreveli Qafqaz xalqları arasında elmi əlaqələr və dostluğun daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Akademik deyib ki, Qafqazşünasların Birinci Beynəlxalq Forumu bu əlaqələri daha da möhkəmləndirəcək və öz müsbət nəticələrini verəcək: “Bu forum bizim regionda keçirilən elmi forumlar arasında mühüm əhəmiyyətə malikdir”.

Digər çıxışçılar da Qafqaz regionunun geosiyasi və coğrafi əhəmiyyətindən, Qərb ilə Şərq arasında körpü rolunun zəruriliyindən danışıblar.

Daha sonra forumda iştirak edən bir neçə alimə AMEA-nin mükafatları təqdim edilib. Bundan əlavə, forumda rus və ingilis dillərində məqalələrin toplandığı “Soyqırımı həqiqətləri” kitabının təqdimat mərasimi keçirilib. Kitabda Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsrail, Gürcüstan və Özbəkistan alimlərinin erməni terror təşkilatlarının, daşnak Ermənistanın, indiki Ermənistanın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımlardan bəhs edən rus və ingilis dillərində məqalələri toplanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here