Bakı Marafonunda 10 min nəfərin iştirak edəcəyi gözlənilir

0
313691

Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

VOİCEPRESSin məlumatına görə, mətbuat konfransında “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə ümumi məlumat verib.

O qeyd edib ki, marafonun məqsədi dəyişməz olaraq qalır – idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir: “Biz istərdik ki, iştirakçılar bu il də bu məqsədləri bizimlə bölüşsünlər”.

A.Əhmədov vurğulayıb ki, marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir: “Marafonda iştirak üçün qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək”.

Onun sözlərinə görə, marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib: “Builki marafonda 10 minə qədər iştirakçının olacağı gözlənilir”.

A.Əhmədov bildirib ki, “Bakı Marafonu 2017” yarışında qaliblərin mükafatlandırması iki kateqoriyada – kişi və qadınlar üzrə aparılacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yerin sahibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcək:

“Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək. 7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək”.

Mətbuat konfransında iştirak edən “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov yarışın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, dünyanın ən böyük şəhərlərində bu cür yarışlar təşkil olunur: “Çox sevindirici haldır ki, Bakıda da bu yarış təşkil olunur. Mən bu yarışa qədər 21 km qaçmamışdım, amma buna iddialı idim və qalıb oldum. Mənim üçün ən çətini axırıncı 3 kilometr idi”.

N.Əsədov marafonda iştirak üçün qeydiyyatdan keçənlər üçün həftədə 2 dəfə məşqlər keçirildiyini bildirib: “Bütün işirakçılar məşqlərə qoşula bilərlər. Məşqlərə qoşulanların sayı çoxdur. Biz universitetlərdə tələbələr arasında marafonun təqdimatlarını edirik və tələbələrin marafona böyük maraq göstərdiyini görürük. Ümidvarıq ki, bu marafon davamlı olacaq”.

Daha sonra mətbuat konfransında marafonun sponsorları çıxış ediblər.

“Alfa Romeo” avtomobillərinin rəsmi dileri “Avtolux Azerbaijan” şirkətinin direktoru İbrahim Əhmədov bildirib ki, “Avtolux Azerbaijan” şirkəti hər zaman sağlam həyat tərzini dəstəkləyib. O qeyd edib ki, şirkət marafona sponsorluq etməkdən qürur hissi duyur: “Bu marafonun keçirilməsində və inkişafında payımızın olmasına görə qürur hissi keçiririk. Biz də iştirakçıları inandırmağa çalışırıq ki, sağlam həyat tərzi məqsədlərə çatmaq üçün çox vacibdir. Bu yarışda fiziki güclə yanaşı, inam da nümayiş etdirmək mühüm məsələdir. Biz, eyni zamanda, bu marafona qoşularaq bir şirkət kimi sosial məsuliyyətimizi layiqincə yerinə yetirməyə çalışırıq”.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin direktoru Seyfullah İlyas da təmsil etdiyi şirkətin idmanın inkişafına mühüm önəm verdiyini diqqətə çatdırıb. O deyib ki, “Türk Hava Yolları” dünyada bir çox idman yarışlarına sponsorluq edib: “Azərbaycanın idmana verdiyi önəm də bizim diqqətimizdən qaçmayıb və bu baxımdan biz də bu marafona dəstək verməkdən qürur duyuruq”.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib ki, “Coca-Cola” idmanın sağlam həyat tərzi olmasını dəstəkləyən bir şirkət kimi tanınır. O bildirib ki, Coca-Cola həmişə Azərbaycanda da idmanıın inkişafına dəstək olub: “Bakı marafonu ilk dəfə keçirilməsinə baxmayaraq çox uğurlu keçdi və əminəm ki, builki marafon daha da uğurlu olacaq. Marafonlar, eyni zamanda, dünyada şəhərlərin tanınmasında mühüm rol oynayır”.

E.Fərzəliyev deyib ki, “Coca-Cola” şirkəti yarış iştirakçılarının su ilə təmin edilməsini və şirkətin yük avtomobilləri vasitəsilə iştirakçıların baqajlarının daşınmasını həyata keçirəcək. Onun sözlərinə görə, “Coca-Cola” şirkətinin də bütün əməkdaşları bu marafona qoşulacaq.

Mətbuat konfransında çıxış edən “Azər Türk Bank”ın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləm marafona sayılı günlər qalıb: “Belə mühüm əhəmiyyətli tədbirin sponsorları arasında olmaqdan qürur duyuruq. Azərbaycanda sağlam həyat tərzinin təbliğ olunmasında iştirak etdiyimizə görə çox sevinirik”.

L.Məmmədovanın sözlərinə görə, bankın 300-dən artıq işçisi marafona qatılacaq.

Marafonun sponsorlarından olan “Huawei Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanla bağlı bir sıra layihələr həyata keçirir: “Huawei Azərbaycan” şirkəti “Gözəl Azərbaycan” layihəsi həyata keçirir və bununla da Azərbaycanın gözəlliklərini dünyaya göstərməyə çalışır”.

O qeyd edib ki, Bakı marafonu vacib tədbirdir: “Bu tədbirin məqsədləri bizim “Gözəl Azərbaycan” layihəsinin məqsədləri ilə üst-üstə düşür və biz bu marafona dəstək verməkdən qürur duyuruq”.

Daha sonra jurnalistləri maraqlandıran suallara cavab verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın marafonda iştirakı ilə bağlı sualı cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva bildirib ki, Leyla Əliyeva da qeydiyyatdan keçən iştirakçılar arasındadır: “Əlbəttə ki, Leyla Əliyevanın iştirak edib-etməyəcəyini indidən söyləyə bilmərik, ancaq qeydiyyatdan keçən iştirakçılar sırasındadır”.

Qeyd edək ki, Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilir. Layihənin icraçısı “Sport Marketing Group” şirkətidir. Qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs – Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilər.

Qeydiyyat məntəqələri “28 Mall”, “Port Baku Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olur. Onlayn qeydiyyatdan keçmək istəyənlər isə “Bakı Marafonu 2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.

Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı heç bir ödəniş etmirlər.

Marafona fəxri iştirakçılar da dəvət olunub və onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da olacaq.

“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı məkanda (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq havada (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimlər keçirilir. Marafon iştirakçıları məşqlərdə “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədovla birlikdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrənirlər.

Marafonda iştirak üçün qeydiyyatdan keçən şəxslər hər həftənin şənbə-bazar günləri keçirilən məşqlərdə iştirak edə bilərlər.

Aprelin 30-da keçiriləcək marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur.

“Bakı Marafonu 2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri və “GoSport” idman malları mağazasıdır.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi ilk marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi, eləcə də İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri qoşulmuşdu. Yarışa, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən qatılanlar olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here