Bakı-2017: “Xəzərdən başlayan səyahət” Mingəçevirə yetişib”

0
314429

Xəzər dənizindən start götürən “Bakı 2017” ümumxalq səyahət turu ötən gün Mingəçevirə yetişib.

VOİCEPRESS xəbər verir ki, “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar ötən gün səhər Mingəçevirdə Kür çayı ətrafında tədbir keçirilib. Kür Qafqazın ən böyük çayıdır. O, Türkiyənin şimal-şərqində Qızılgədik dağının ətəyindən başlayaraq, Gürcüstan ərazisindən ötərək və Azərbaycandan meandr formasında keçərək 1515 kilometrdən sonra Xəzər dənizinə qovuşur. Bu çayın üzərində ölkənin ən iri su anbarı – 1953-cü ildə tikilmiş Mingəçevir su anbarı gözəl göl yaradıb və onun vasitəsilə ətraf sahələr suvarılır.

Su mərasimi, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov, sambo üzrə Dünya Çempionatının gümüş medal mükafatçısı Ayaz Ümidəliyev və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib.Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Bakıdan səyahətə başlayan səhəng mayın 12-də “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Mingəçevir şəhər Kür Olimpiya Tədris İdman mərkəzində daha bir möhtəşəm layihə – “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev də olub. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu, Mingəçevir qrupu və Elsevər Məmmədovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sambo üzrə Dünya Çempionatının gümüş medal mükafatçısı Ayaz Ümidəliyev deyib: “Bizim də iştirakçı kimi məqsədimiz həmrəylik və sülh dəyərlərinin mahiyyətini ön plana çəkməkdir. Vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı aprelin 25-də Qax rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri – Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri – Vaterpolo, 3×3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here