Azərbaycanda yeni növ uşaq bağçaları açılacaq

0
314629

Uzun müddətdir müzakirəsi aparılan yeni hazırlanmış “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

VOİCEPRESS xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi haqqında məlumat verib. O qeyd edib ki, qanun layihəsi ilə bağlı əvvəlki müzakirələr zamanı irəli sürülən təkliflər nəzərə alınıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradılacaq. Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kopmleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.
Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here