Azərbaycanda təhsil alan xarici tələbələr Cocuq Mərcanlıya getdilər

0
313950

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələr və jurnalistlər Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

VOİCEPRESS xəbər verir ki, səfər zamanı ilk olaraq Füzuli rayonunda Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. Həmçinin Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbə baxış keçirilib. Məktəbin müəllim və şagird kollektivi ilə keçirilən görüşdən sonra onlara xatirə hədiyyələri təqdim olunub.

Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbi tələbələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə məlumat verib.

Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşiliklər haqqında danışan nazir müavini bildirib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: “Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb”.

F.Qurbanov qeyd edib ki, işğal nəticəsində Cocuq Mərcanlı kəndində 1 məktəb, 1 kitabxana dağıdılıb.

İştirakçılara ölkə Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib. İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar. Pnlara məlumat verilib ki, 150 şagird yerlik məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb.

Ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüşən səfər iştirakçıları 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə də baş çəkiblər. Səfər iştirakçıları həmçinin, Cocuq Mərcanlıda ağac əkiblər.

Səfər iştirakçılarına Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, aprel döyüşləri ilə bağlı məlumatların əks olunduğu bukletlər təqdim olunub. Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşiliklər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here