Arzu Nağıyev: “Ermənistanın KTMT-yə baş katibliyi dövründə Qarabağla bağlı yeni situasiyanın yaranacağını gözləmək lazım deyil”

0
313794

Ermənistanın KTMT-yə baş katibliyi dövründə Qarabağla bağlı yeni situasiyanın yaranacağını gözləmək lazım deyil: “Bu, heç də münaqişənin həllinə müsbət təsir etməyəcək. Lakin Ermənistanın KTMT üzvü olması o demək deyil ki, katiblik ona keçərsə, hansısa üstünlük əldə edəcək. Biz aprel hadisələrində də bunun şahidi olduq. Ermənilər dəfələrlə təmas xəttində deyil, məhz sərhəddə təxribat edərək KTMT-dən dəstək almağa çalışırdı, bu da baş tutmadı. Əsas məqam odur ki, KTMT üzvü olan dövlətlər Azərbaycanla normal münasibətdədir və hər hansı gərginliyin artmasında maraqlı deyillər. Eyni zamanda qeyd etmək istərdim ki, KTMT-nin yaradılması öncə Rusiyanın özünü qorumaq və sığortalanması üçün nəzərdə tutulub, Ermənistan isə vasitədir. Qazaxıstan və Belarusun da, eyni zamanda digər üzvlərin də Azərbaycana qarşı siyasətində dəfələrlə loyallığı hiss edilib. Digər dövlətlər də bu məsələdə neytrallıq nümayiş etdirirlər”.
Politoloq hesab edir ki, artıq münaqişənin həllində diktə edən tərəf Azərbaycandır: “Sadəcə olaraq, Ermənistanın güvəndiyi bir Rusiya faktoru var və bundan da yayarlanmağa çalışır. Rusiya, ümumiyyətlə, KTMT-ni ilk növbədə öz mənafeyini qorumağa, imkan qədər silahlı toqquşmaları sərhədlərindən uzaqlaşdırmağa və bufer zonaları yaratmağa çalışır. Bu, Ukraynada, Abxaziyada və s. bölgələrdə belədir. Dağlıq Qarabağın timsalında da ərazi BMT qanunlarına uyğun olaraq Azərbaycanındır və tələb işğalçıların əraziləri tərk etməsi ilə bağlıdır. Bunu bütün beynəlxalq qanunlarla Azərbaycan tələb edə bilər və tam diktə hüququ var”.
Düşmənin “Verba” raket-kompleksi ilə bağlı təhdidlərinə gəldikdə, A.Nağıyev qeyd etdi ki, belə təhdidlər daim olacaq: “Çünki Ermənistanda hakimiyyəti təəssüf ki, yenə müharibə partiyası zəbt edib. Bu isə status-kvonu saxlamaq üçün bir vasitədir. Əsas məqsəd danışıqlardan yayınmaq, mütəmadi olaraq atəşkəsi pozub təxribatlar törətmək və cavab atəşini isə əks tərəfin təxribatı kimi qələmə vermək cəhdləridir. Nəyin bahasına olursa-olsun erməniləri danışıqlar masasına əyləşdirmək lazımdır. Hətta güc tətbiq etməklə bunu məcburi etmək gərəkdir. Zənnimcə, ATƏT-in Minsk Qrupu əsasən bu istiqamətdə işləməlidir. Çünki artıq deklorativ bəyanatlar Azərbaycanı qane etmir. Əks halda, doğrudan da bütün regionu əhatə edə biləcək hərbi müdaxilə təhlükəsi yarana bilər. Bunu hamıdan öncə Rusiya və Ermənistan dərk etməlidir”.
A.Nağıyev də təsdiqləyir ki, Azərbaycan hətta Avrasiya məkanına daxil olsa belə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq: “MDB-də, eyni birlikdə olanda bəyəm bu problem həll edilirmi? Düşünürəm ki, bu, Rusiyanın ortaya atdığı növbəti bəhanədir. Məlumdur ki, Avrasiya İttifaqına üzv olmaq Avropadan siyasi cəhətdən uzaqlaşmaq deməkdir. Azərbaycan müstəqil siyasət yeridir və bu da Rusiyanı razı sala bilməz. Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Rusiyanın Ermənistana təzyiqi ilə həll edilə bilər. Siyasi və iqtisadi bloklarda təmsil edilmələr səbəb deyil, bəhanədir”.

Arzu Nağıyev

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here