Ağcabədidə balıqlar kütləvi tələf olur – Səbəblər açıqlandı

0
305235

Aprelin 17-dən 18-nə keçən gecə Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi balıqçılıq təsərrüfatında balıqların kütləvi tələfatı baş verib. Bununla əlaqədar Ağcabədi Rayon Baytarlıq İdarəsi tərəfindən həmin təsərrüfatın ərazisinə baxış keçirilib.

VOİCEPRESS bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı süni göldə 3 növdən ibarət (çəki (sazan), belamor və talıstov) olan balıqların kütləvi tələf olması müəyyən edilib. Həmçinin təsərrüfat Dövlət Baytarlıq Nəzarəti Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Bir hektardan çox ərazini əhatə edən süni göldə tələf olan balıqların ölüm səbəblərini müəyyən etmək üçün onlardan nümunələr götürülərək Bərdə zona Baytarlıq Laboratoriyasına və Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Tələf olan balıqlar süni göldən toplanaraq Ağcabədi Rayon Baytarlıq İdarəsi əməkdaşlarının nəzarəti altında zərərsizləşdirilib.

Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Ehtimal edilir ki, balıqların saxlandığı süni gölə təzə su verilmədiyindən və göldə su dövriyyəsi pozulduğundan balıqlar oksigen çatışmazlığı nəticəsində tələf olublar. Balıqların kütləvi tələfatı yalnız Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi təsərrüfatda qeydə alınıb. Rayonun digər təsərrüfatlarda balıqların kütləvi tələfatı qeydə alınmamış və rayonda epizootik vəziyyət sabitdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here