AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi

0
314222

Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.

VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.
Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.
Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondunun “Mehriban Ana” ordeni ilə təltif olunub.


BU HƏYAT –
ÖMÜR-GÜN SAVAŞI İMİŞ

Tufanlar torpağın harayı, ahı,
Yağışlar səmanın göz yaşı imiş!
Gün ayı sevirmiş, gecə sabahı,
Vüsalla ayrılıq yanaşı imiş!

Sevgiymiş yaşadan vuran ürəyi,
Dərəsiz dumanın yoxmuş gərəyi.
Buludlar dağların bəyaz örpəyi,
Qayalar düzlərin başdaşı imis!

Ay Afaq, yaşayıb gedirik, belə,
Umuruq – hardansa bir işıq gələ.
Ölüm də yaşamla tutub əl-ələ…
Bu həyat ömür-gün savaşı imiş!


SƏNI ARZULADIM…

Səni arzuladım ömrüm uzunu
Xoş günə bir çiçək dəstəsi kimi.
Sevgidən yazılan ən gözəl şeir,
Həyatın ən lirik bəstəsi kimi.

Səni arzuladım ömrüm uzunu
Səhrada bir yağış damlası kimi.
Bəxtimin xoşbəxtlik ifadəsi tək,
Məhəbbət mətninin imlası kimi.

Sən oldun naməlum, əlçatmaz, uzaq
Uydurma dünyamın ünlü həkimi.
Səni arzuladım, səni istədim,
Gözlədim illərin xəstəsi kimi…

MƏN VƏTƏNDƏN DÖNƏNDƏ

Mən vətəndən dönəndə
Sərhəd bağlana, qalam!
Məndən ayrı qürbətin
Bağrı dağlana qala!

Mən vətəndən dönəndə
Vətən də həsrət çəkə!
Ağlayan sətirlərim
Önümə bir sədd çəkə!

Mən vətəndən dönəndə
Haray sala küləklər…
Əllər ayrı düşsə də,
Ayrılmaya ürəklər!

Doluxsuna, kövrələ
Üzü məndən dönən də…
Yollar qubar bağlaya
Mən Vətəndən dönəndə!..

BİZİ MƏHƏBBƏTDƏN QORUMA,
AllAH!

Sən bizi qorusan – hər dərddən qoru,
Təki məhəbbətdən qoruma, Allah!
Dost-yoldaş cildində namərddən qoru,
Yaxşıya ibrətdən qoruma, Allah!

Qoru bədxahların bəd duasından,
Insanın pisindən, «əjdaha»sından,
Acgözün nəfsindən, iştahasından…
Onlara nifrətdən qoruma, Allah!

Qoru, vicdanlara düşməsin ləkə,
Gedənə bir rəhmət oxuna bəlkə…
Bizləri udmasın bu qərib ölkə,
Qürbətə həsrətdən qoruma, Allah!

İSTƏYİRƏM…

İstəyirəm ağrıyanda başım üstdə anam olsun…
Ürəyimdə kiməsə də özüm qədər inam olsun…

İstəyirəm Günəş görüm göy üzündə səhərçağı…
Körpələrin gözlərini qamaşdırsın gün işığı…

İstəyirəm öz əlimin əməyindən usanmayım…
Əməyimin qazancına baxa-baxa utanmayım…

İstəyirəm torpağımda özüm gəzim – ağa kimi,
Darıxanda seyrə çıxım dərəsindən dağa kimi…

İstəyirəm “dəmir” qapı döysün “taxta” qapıları…
Qaranlıqda boğulanlar haqq səsini duysun, barı…

İstəyirəm o gün gələ – arzulara inam olsun!..
Qan yerinə haqq-ədalət, kin yerinə iman olsun!..

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here