ABŞ-ın məşhur və aparıcı hərbi təlim mərkəzində Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib

0
314173

12 aprel tarixində ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) dəvəti əsasında səfir Elin Süleymanov Şimali Karolina ştatında yerləşən Fort Brəq hərbi mərkəzinə səfər edib.

Səfirlikdən VOİCEPRESS-ə verilən məlumata görə, səfər çərçivəsində E.Süleymanov ABŞ Ordusunun Con Kennedi adına Xüsusi Əməliyyatlar üzrə Mükəmməllik Mərkəzinin (Special Operations Center of Excellence) rəhbəri, general Ceyms Linder, MMU-nun Birgə Xüsusi Əməliyyatlar Magistratura Proqramının rəhbəri Dr. David Valtonla görüşlər keçirib, Fort Brəqdə yerləşən müxtəlif hərbi qərargahların şəxsi və akademik heyətinin iştirakı ilə təşkil edilən tədbirdə xüsusi qonaq qismində çıxış edib və iştirakçıların suallarını cavablandırıb. .

Mükəmməlik Mərkəzin rəhbəri general Ceyms Linder ilə görüşündə səfir E.Süleymanov həmsöhbətə ölkəmizin xarici siyasət prioritetləri və onun üzləşdiyi çağırışlar barədə danışıb, həmçinin iki tərəf arasında qlobal terrorçuluğa qarşı mübarizə sahəsində səylər və ölkəmizin bu sahədə töhfələri barədə fikir mübadiləsi aparılıb. Görüşdən sonra Azərbaycan diplomatına xüsusi qonaq kimi sözügedən mərkəzin fəxri nişanı hədiyyə edilib. MMU-nun Proqram rəhbəri Dr. David Valtonla görüşdə proqram çərçivəsində görülən akademik fəaliyyət və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Mərkəzin və digər komandanlıqların 200-ə yaxın heyətinin iştirak etdiyi tədbirdə Azərbaycan diplomatı dinləyicilərə Azərbaycanın strateji coğrafi mövqeyini, onun Qərb-Şərq, Şimal-Cənub yollarının kəsişməsində və müxtəlif mədəniyyətlərin qovşağında yerləşməsinin kontekstini izah edib. Bu xüsusda, səfir E.Süleymanov Azərbaycanın transkontinental tarixi İpək yolunun bərpasına verdiyi töhfələrə və onun həyata keçirdiyi iri miqyaslı nəqliyyat infrastruktur layihələrinə toxunub. Diplomat Bakı-Tbilisi-Qars dəmiryolunun, Xəzər dənizində ən böyük limanın tikintisi, ölkədə avtomobil, dəmiryolu və dəniz nəqliyyatı infrastrukturunun əhəmiyyətli dərəcədə inkişafı, eləcə də hava nəqliyyatı sahəsində regionun ən qabaqcıl sərnişin və karqo terminallarının tikintisi barədə danışmış və “Silkway Airlines” karqo şirkətinin rolunu vurğulayıb.

Həmçinin diplomat iştirakçılara ölkəmizin tarixi barədə məlumat verib, 1918-ci ildə Azərbaycanda müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyəti barədə danışıb. E.Süleymanov ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra ölkə rəhbərliyinin müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına əsaslı töhfə verdiyini bildirib. Diplomat vurğulayıb ki, Avrasiya məkanında ən müstəqil siyasət yürüdən və ən suveren dövlət olan Azərbaycan Respublikası bu nailiyyəti Azərbaycan xalqının ənənələri ilə yanaşı, məhz Ümummilli Lider Heydər Əliyevin strateji baxışı və onun Azərbaycanın müstəqilliyinin ilk illərində qəbul etdiyi uzaqgörən qərarlarının nəticəsində əldə edib. Diplomat bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu, ardıcıl və praqmatik siyasəti nəticəsində Azərbaycanın inkişafı və müstəqilliyinin daha da möhkəmləndiyini söyləyib.

Daha sonra E.Süleymanov Azərbaycanın enerji siyasəti, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verib və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini izah edib. E. Süleymanov bildirib ki, ölkə rəhbərliyinin qəbul etdiyi strateji qərarlar nəticəsində regionda məhz Azərbaycan inkişaf mərkəzinə çevrilmişdir və bu gün beynəlxalq səviyyədə ölkəmiz etibarlı, qətiyyətli və öz öhdəliklərinə sadiq tərəfdaş kimi tanınır. Diplomat Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən beynəlxalq əhəmiyyətli layihələrin nəinki iqtisadi və enerji baxımından önəmli olduğunu, onların uğurla həyata keçirilməsinin Cənubi Avropada əməkdaşlıq imkanları vəd edən yeni coğrafi zolağın meydana gəlməsinə zəmin yaratdığını söyləyib. Daha sonra diplomat Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də İraq və Balkanlarda aparılmış və hazırda Əfqanıstanda davam edən əməliyyatlara töhfəsi, eləcə də Əfqanıstanda koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi barədə danışıb.

Bundan əlavə, E.Süleymanov iştirakçıları Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsi barədə məlumatlandırıb. Diplomat hazırda dünyanın bir çox regionlarında baş qaldıran ifrat millətçilik, ksenofobiya və dözümsüzlük meylləri fonunda Azərbaycanın tolerantlıq modelinin genişmiqyaslı təbliğinin dünyada sülh və sabitliyin bərqərar olunmasına əhəmiyyətli töhfə verəcəyini bildirib. Eyni zamanda, diplomat bildirib ki, ölkəmizdə dini azadlıqlar təmin olunmaqla dini fəaliyyətin uyğunlu şəkildə tənzimlənməsi dinc birgəyaşayışa zəmin yaradır və bu modelin geniş təbliği radikalizm və ekstremizmin yayılmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Ölkəmizin bu sahədə xüsusi rolunun göstəricisi kimi səfir E.Süleymanov Azərbaycanın həm 2015-ci ildə birinci Avropa Oyunlarına, həm də bu il keçiriləcək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsini, eləcə də İsrailin Baş naziri Benyamin Netanyahunun və Roma Papası Fransiskin ölkəmizə səfərlərini göstərdi.

Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin münaqişənin həlli üzrə mövqeyi və Ermənistanın sülhə zərbə vuran son fəaliyyətləri barədə dinləyicilərə ətraflı məlumat verilib. Səfir E.Süleymanov təəssüflə qeyd edib ki, 30 ilə yaxın dövrün keçdiyinə baxmayaraq bu münaqişə hələ də öz həllini tapmayıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulmaqda davam edir və işğal səbəbindən məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımız öz doğma yurdlarına qayıtmaqdan məhrumdurlar. Diplomat Azərbaycanla Ermənistanı müqayisə edərək Azərbaycanın tolerantlıq və vətəndaşlıq prinsipinə əsaslanan müasir cəmiyyətə malik olduğu halda, Ermənistanın etnik baxımdan homogen və müstəsna olaraq vahid etnik tərkibə əsaslandığını göstərib. Münaqişənin bütün region üçün əsas təhdid kimi qaldığını bildirən səfir E.Süleymanov Azərbaycanın ərazilərinin işğalının davam etməsinin ən çox Ermənistanın dövlətçiliyinin və erməni xalqının gələcəyinə ziyan vurduğunu göstərdi. Diplomat Ermənistan prezidenti Serj Sarkisyanın bu yaxınlarda regionun əsas inkişaf mənbəyi olan enerji infrastrukturunu İskəndər raketləri ilə təhdid edən məsuliyyətsiz bəyanatını xatırladıb, Azərbaycanın isə münaqişənin beynəlxalq hüquqa əsaslanaraq həllinə və gələcəkdə Azərbaycan və erməni xalqlarının sülh şəraitində birgə yaşayışına ümidvar olduğunu bildirib.

Sonda səfir E.Süleymanov dinləyicilərin ölkəmizin nəqliyyat tranzit potensialının gücləndirilməsi, regionda təhlükəsizlik, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar kimi məsələlər barədə suallarını cavablandırıb.

Qeyd edək ki, Fort Brəq şəxsi heyətin sayına görə dünyanın ən böyük hərbi mərkəzlərindən biri hesab olunur və əsasən ABŞ-ın xüsusi əməliyyatlar sahəsində heyətinin təhsil, təlim və hazırlığı, habelə belə əməliyyatların siyasəti və doktrinasının hazırlanması üzrə ixtisaslaşır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here