Cüdo və sambo üzrə 11 qat dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova ona verilməli olan təqaüdü ala bilməməsindən şikayətlənmişdi. Xanım idmançı bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət etdiyini bildirmişdi.
VOİCEPRESS xəbər verir ki, qafqazinfo bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, təqaüd məsələsinə Milli Olimpiya Komitəsi (MOK) baxır.
MOK-un mətbuat xidmətindən isə qafqazinfoya bildiriblər ki, Zülfiyyə Hüseynova sambo üzrə dünya çempionu olduğu üçün ona təqaüd verilmir:
“Zülfiyyə xanım nəticələrini sambo üzrə qazanıb. Bu idman növü də Olimpiya idman növlərinə daxil deyil. Belə halda ona təqaüd düşmür. Əgər o hər hansı Olimpiya idman növündə dünya və ya Avropa çempionu olsaydı, təqaüd alacaqdı”.
Hüseynovanın 1995-ci ildə hərbçilərin Dünya Oyunlarında çempion olmasına gəlincə, MOK-dan buna görə təqaüd verilmədiyini qeyd ediblər.
VOİCEPRESS.AZ