Valideynlər h/h-ə yalnız “açıq qapı günlərində” gələ bilməlidirlər

2 Mart, 19:27

Ayrıca mühüm mövzu cəbhə xəttinə yaxınlıqdakı telefon danışıqları və get-gəl rejimidir. Tam məsuliyətlə deyə bilərəm ki, müdafiə və dövlət təhlükəsizliyi tələblərinə cavab verən rejim bu gün o ərazilərdə təşkil olunmayıb.
Taksilər nəinki döyüş zonasındadkı h/h dislokasiya yerlərinə, hətta pozisiyalara kimi gedirlər. Onlar hərbçi, valideyn, alver malları daşıyırlar. Taksilərin “dolanışıq fəaliyəti” yalnız h/h komandiri ilə şəxsi münasibətlərə və h/h komandirinin onlara gözəyarı etimadına söykənir.

Cəbhə zonasında bütün bu insan kalabalığı, əsgərlər daxil, telefonla danışır. Nədən danışırlar, təxmin etmək çətin deyil. Əlbəttə, əsasən cəbhə xəbərlərindən. Xüsusən də, cəbhədə vəziyət gərginləşəndə düşmən, mülki adamlarımızın və hərbçilərin telefon danışıqlarını dinlədikçə, bizdə baş verənlər və görülən tədbirlər barədə dəqiq və səlist məlumat əldə edir. Bu, əlbəttə, bir nəfərin danışıqlarını dinləməklə olmur, yüzlərlə telefon danışıqları dinlənilir ki, yekunda mozaik məlumatlardan düşməndə tamamlanmış ümumi təsəvvür yaranır. Məsələn, biri zəng eliyir, “ayə, bilirsən, Məmməd şəhid olub”. Qarşıdakı soruşur, “hansı Məmməd?”, o da deyir, Məmmədov Məmməd, kəşfiyat rəisi”, “Ə, o mayoru deyirsən, hayıf, yaxşı oğlan idi…”, o birisi davam eliyir, “Həə… hələ bir leytenant da var, Əli…” Daha yüzlərcə telefon danışıqlarından düşmən beləcə Əlinin də soyadını və vəzifəsini öyrənir, digər şəhid olan əsgərlərin də. Mobil rabitə ilə xəbərlər ildrım sürətilə yayılır, hamı bir-birindən soruşur, izah edir, dəqiqləşdirir və bütün bunlar danışanlara necə aydın olursa, düşmənə də beləcə hər şey aydın olur. Həlak olmuş hərbçilərin ad-soyad, rütbə və vəzifələrindən başqa hadisələrin hazırda necə cərəyan etdiyini, hadisə ilə bağlı Bakıdan hansı generalın gəldiyi, kimi nəyə görə danladığı, kimi işdən çıxaracağı və yerinə kimin təyin olunacağı barədə də məlumatları və ehtimalları düşmən bizimlə bərabər öyrənir.
Xüsusən, öz dəyərini məlumata sahib olmaqda yox, məlumat mənbəyi və məlumatı ötürməkdə görən mentallığa sahib olduğumuza görə mən, düşmənin də bizi dinlədiyini nəzərə almaqla bu mövzularda telefonda danışmamaq çağırışları ilə ciddi müsbət dəyişikliklərə nail olacağımıza inanmıram. Çıxış yolunu yalnız və yalnız cəbhə zonasında ciddi buraxılış rejiminin təminində və həmin yerlərdə mobil rabitənin söndürülməsində görürəm. Müdafiə nazirliyi işini möhkəm tutmalı və kiminsə şuurlu olacağına ümid bəsləməməlidir. Necə ki, terrorçuların xəbərləşməsi və sms-lə bomba partladacaqlarının qarşısının alınması üçün kütləvi tədbirlər keçirilən yerlərdə mobil rabitə söndürülür, elə də cəbhə zonasında mobil rabitə söndürülməlidir.

Taksilər və mülki şəxslər(o cümlədən çayxana və yeməkxana işlədənlər) cəbhə zonasından yığışdırılmalıdır.

Valideynlər h/h-ə yalnız “açıq qapı günlərində” gələ bilməlidirlər. Onları taksilər yox, h/h-dən xüsusi ayrılmış nəqliyat aparıb-gətirməlidi. Övladlarını görmək istəyən valideynlər üçün yaxın rayon mərkəzlərində MN xüsusi yer ayırmalı və onlar əsgərin yanına deyil, əsgər buraxılış əsasında onların yanına getməlidir. Bu praktika, misal üçün, Naxçıvanda Sərhəd Qoşunlarında tədbiq olunur.
Bu işlər epizodik deyil, cəbhə zonasında məxfiçilik rejiminin gücləndirilməsi təxirəsalınmaz tədbirlər kompleksinin tərkibində həyata keçirilməlidir.

Polkovnik-leytenant Nazim Bayram

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here