Sürüşmə aktivləşdi: sakinlər köçürülə bilər

0
314264

Şamaxı rayonunda torpaq sürüşməsi yenidən aktivləşib. Sakinlərin sözlərinə görə, evlərin torpaq altında qalmaq təhlükəsi yaranıb. Hazırda torpaq qatında olan axıntı şəhərin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Son iki ayda bölgəyə yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi nəticəsində evlərdə irili-xırdalı çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hər gün davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir.

Yerli sakinlərin sözlərinə görə, torpaq kütləsi məhəllədaxili yollardan birinin bağlanmasına səbəb olub. Eyni zamanda həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. Sakinlər təhlükə ilə bağlı aidiyyatı orqanlara məlumat versələr də, ərazidən torpağın təmizlənməsi işinin hələ də aparılmadığı bildirilir. Ərazidə yaranan təhlükə daha da artarsa ilk növbədə dağ yamacına yaxın olan 5 evin sakinləri köçürülə bilər.

Şamaxı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.

Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur. Həmçinin, torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Elə bu səbəbdən də avtomobillərin hərəkəti çətinləşib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here