Rəşad Sadıqov: “Həmin görüş bizim üçün final olacaq”

0
314560

VOİCEPRESS bildirir ki, Almaniya ilə oyundan sonra milli komandamızın kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Rəşad, oyun haqqında nə deyə bilərsən?

– Sevindirici haldı ki, uşaqlar rəqibdən qorxmadılar, çəkinmədilər. İlk 10 dəqiqə həyəcan var idi, ancaq çalışırdıq ki, futbol oynayaq, oyunu çirkinləşdirməyək. Belə baxanda, oyun pis keçmədi. Bəlkə də ən yaxşı oyunlarımızdan birini oynadıq. Buraxdığımız qollara gəlincə isə, səhvlərimizdən çox yaxşı istifadə etdilər. Görürdük, ancaq qarşısını ala bilmirdik.

– Buraxılan ikinci qoldan sonra hansı hissləri keçirdin?

– Çox təəssüf hissi idi. Çünki aydın məsələ idi ki, vurduğumuz qoldan sonra rəqibin də düşərgəsində gərginlik hiss olundu. Hətta bir-birinin üstünə qışqırırdılar. Heç olmasa hissəni 1:2 başa vursaydıq, sonra nəyəsə ümid etmək olardı. Amma üçüncü qoldan sonra şanslarımız sona çatdı.

– Ənənəvi künc zərbəsindən sonra zərbəni sən vurdun. Orda top sanki rəqib müdafiəçinin əlinə dəymişdi. Gördünmü epizodu?

– Gördüm, əlinə dəymədi, sinəsinə dəydi.

– Azarkeş dəstəyi ilə bağlı nə deyə bilərsiz?

– Azarkeşlərimiz bu gün ancaq qələbəyə layiq idilər. Çox üzücüdü ki, onları sevindirə bilmədik. Ancaq özləri də gördü ki, əlimizdən gələni etdik, sadəcə almanların ustalığı bundan artığına imkan vermirdi.

– Renatı gözləyirdik, ancaq heç “18lik”də görmədik. Təbii ki, bu, baş məşqçinin işidi, ancaq bir kapitan kimi, səncə, bu niyə baş vermədi?

– Renat gənc futbolçudu. Məşqçi isə təcrübəli mütəxəssisdi, kimi nə vaxt meydana buraxacağını daha yaxşı bilir. Elə olsun ki, sonrakı oyunlarda problem yaşamayaq.

– Almaniya qarşısındakı oyunu əsas götürərək, inanırsan ki, millimiz final mərhələsinə yüksələ bilər?

– Bu oyunu davam etdirə bilsək və bir az da üstünə qoysaq, səhvlərimizi azaldıb, daha diqqətli oynasaq məncə, nəyəsə ümid bəsləmək olar. Hamı bilirdi ki, bizim üçün daha önəmli oyun Şimali İrlandiyaya qarşıdı. Həmin oyun bizim üçün final olacaq. Şimali İrlandiyanın Norveçə qarşı keçirəcəyi görüş də önəmlidi. İnşallah irlandlar qələbə qazanmaz. Bizim oyunlarımızla bərabər rəqiblərin öz aralarındakı oyunlar da əsasdı.

– Kapitan kimi necə hiss edirsən, komandada qrupdan çıxacaq ab-hava varmı?

– İndidən nəsə demək düz deyil, ancaq uşaqlar hamısı inanır. Almaniyaya qarşı necə oynadıqlarını hamınız gördünüz. Futboldu deyib keçmək olmur. Biz oyunlarda xüsusi bir şey edib qələbə qazana bilərik. San-Marinonu çıxmaq şərtilə, bütün rəqiblər ustalıq səviyyəsində bizdən üstündür. Biz daha ürəklə, daha əzmkarlıqla oynamalıyıq. Xüsusilə ev oyunlarında maksimum nəticələrə ümid etməliyik.

– Oyundan öncə dörd qol gözləyirdiniz?

– Almaniya elə rəqibdir ki, onlardan hər şey gözləmək olardı. Braziliyanın qapısına 7, Şimali İrlandiyaya 2 qol vuran komandadır. Matç 2:1 də bitə bilərdi, 7:1 də. Almaniya yeganə komandadır ki, kollektiv futbol oynayır. Milli səviyyəsində nə Argentina, nə Braziliya belə oynayır. Bir az İtaliya Kontenin vaxtında, bir də İspaniya bu cür oynayır. Qalanları individiual oynayır ki, orda hansısa oyunçunu bağlamaqla nəyəsə ümid etmək olar. Bu tip komandalar isə çox təhlükəlidi.

– Robert Prosineçki oyundan sonra nə dedi?

– Bizə dedi ki, yaxşı oynadınız. Ancaq ilk yarıdan sonra çox əsəbləşmişdi. O da uşaq-uşaq səhvlər etdiyimizə görə idi.

– Yəqin daha çox Əfran İsmayılova əsəbləşmişdi…

– Bütün komandaya. Əfran ilk qolda Nazarova ideal ötürmə verdi. Sonra isə heç nədən belə bir səhv etdi. Biz də sığortalaya bilmədik onun səhvini. Amma bunu yalnız Əfranın səhvi kimi adlandırmaq düzgün deyil.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here