“2025-ci ilədək ölkədə həm kişilər, həm də qadınlar üzrə pensiyaya çıxmaları üçün qoyulmuş mövcud yaş həddini qaldırmağa əsas yoxdur”.
Bunu iqtisadçı-ekspert Pərviz Heydərov VOİCEPRESS-ə açıqlamasında deyib.
O, qeyd edib ki, ölkədə vətəndaşların pensiyaya çıxmaq yaşlarının artırılması məsələsi əslində, çoxdan müzakirədədir: “Yəni, bu, indi ordaya atılmayıb. Belə ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) rəhbərliyi tərəfindən hələ 2-3 il öncədən, uzaq gələcəkdə Azərbaycanda vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq barədə müvafiq islahat aparılmasına ehtiyac olduğu haqda açıqlamalar irəli sürülmüşdü.
Və bu, hələ onda da çox ciddi ajiotaj yaratmışdı. Halbuki, söhbət, gələcəkdən gedirdi. Bu, məsələnin birinci tərəfidir. İkincisi isə, yuxarıdakı suala cavab olaraq bildirim ki, pensiya yaşının qaldırılması mövzusu təkcə bizdə aktual deyil. Diqqət yetirsək, hansı ölkə iqtisadi və maliyyə çətinlikləri ilə üzləşirsə, həmin ölkələrin hökumətləri tərəfindən dərhal gündəliyi çıxarılan hər 2-3 məsələdən biri istər-istəməz məhz bu, olur.
Məsələn, Avropa ölkələrində bu mövzu periodik olaraq həmişə aktual xarakter daşıyıb. Bir ara Avropa İttifaqı (Aİ) Yunanıstana, İtaliya və Portuqaliyaya görə iqtisadi və maliyyə cəhətdən lap pis vəziyyətlə üzləşmişdi. Və həmin vaxt Almaniya kansleri Angela Merkel Aİ ölkələrində pensiya yaşını yuxarı qaldırılmağı təklif etmişdi. Çünki Aİ-də yaranmış böhranla əlaqədar əksər ölkələrdə sosial xərcləri azaltmaq tələb olunurdu. A. Merkel də fikrini məhz bununla əsaslandırmışdı ki, sözügedən məsələ Avropa ölkələri üçün olduqca vacib sayılır. Kanslerin təklifinə əsasən, bütün Avropa ölkələrində qadın və kişilərin pensiyaya çıxmaq yaşları 67-dən ibarət olmalı idi.
Sözüm bunda deyil.
Bayaq qeyd etdim ki, ölkədə vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq məsələsi çoxdan səslənir. Ancaq bunu uzaq gələcəkdə etmək lazım gəldiyi deyilirdi. Və mən də həmin dövrdə yazdığım şərhimdə qeyd etmişdim ki, ölkədə həm kişilər, həm də qadınlar üzrə pensiyaya çıxmaları üçün qoyulmuş mövcud yaş həddini qaldırmağa hələki əsas yoxdur. Başqa sözlə, azı 2025-ci ilədək bu məsələyə baxıla bilməz. Yəni, perspektivdə Azərbaycanda pensiya yaşını artırmaq barədə islahat aparmağın isə həqiqətən də vacib göründüyünü yazmışdım.
Sual yaranır ki, niyə və nə səbəbə?
Birincisi, bu gün bizdə büdcə təşkilatlarında çalışanların fəaliyyət müddəti 65 yaşa qədərdir. İkincisi, həm neftin dünya bazar qiymətlərinin enməsi fonunda, həm də ümumiyyətlə, gələcəkdə DSMF-in maliyyə dayanıqlılığını təmin etmək baxımından bu, olduqca vacib məsələdir. Üçüncüsü isə, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları arasında həqiqətən də müəyyən uyğunluq yaradılmalıdır.
Ancaq bütün bunlar bəzilərinin düşündükləri kimi təkcə, pensiya yaşının artırılması ilə həllini tapa bilməz. Yəni, bunu da nəzərə almaq lazımdır. Məsələn, deyilir ki, pensiyaya çıxandan sonra maksimum 12 il yaşaya bilərsən.
Belə ki, 12 ili keçdinsə artıq, “özgə hesabına” pensiyaçı sayılırsan.
Əlbəttə bu, çox absurd fikir və məntiqdir. DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məsələsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə və o cümlədən, digər daxilolmalardan asılıdır ki, bunu bilavasitə vətəndaşların pensiyaya çıxmaq yaşlarının həddi ilə əlaqələndirmək düzgün deyil.
Hazırda Fondun vəsaitləri həm hər ilin dövlət büdcəsindən transfert, həm də məcburi dövlət sosial sığorta ayırmalarından əldə olunan vəsait hesabına toplanır ki, ikinci üzrə daxilolmalar əgər qənaətbəxş səviyyədə olarsa, birinciyə əslində, heç bir ehtiyac qalmaz.
Fondun xərclərinin 95 %-dən çoxu əmək pensiyalarının ödənilməsinə gedirr. Bu isə o deməkdir ki, DSMF-ın yükü çox ağırdır. Bir tərəfdən pensiyaya çıxanların sayının sürətlə artması, digər tərəfdən isə ödənilən pensiyaların istənilən səviyyədə olması üzrə tələb, təkcə Fondun öhdəsindən gələ biləcəyi iş deyil.
Ölkədə həm məcburi dövlət sosial sığorta ayırmaları üzrə ödənişlərin həcmi durmadan artmalıdır, həm də vətəndaşların pensiya, ümumiyyətlə sosial müdafiəsi ilə bağlı tədbirlər ilə özəl qurumlar da məşğul olmalıdırlar.
Yəni, pensiya məsələsinə kompleks yanaşmaq lazımdır.
Bəli, razıyam ki, heç kimin gələcəkdə alacağı pensiya məbləğində bir başqasının əməyi, yəni sosial sığorta ödənişi yer almalı deyil. Bu, ədalətsizlikdir. Və hər kəs işlədiyi müddətdə ödədiyi vergiyə əsasən pensiya almalıdır.
Ancaq buna əksəriyyətin hazırki əməkhaqqı səviyyələri imkan yaradırmı?!
Yəni, hər bir vətəndaşın – işçinin gələcəkdə alacağı pensiyanın yaxşı məbləğdə olması üçün onun real olaraq aldığı əmək haqqından tələb olunan səviyyədə sosial sığorta haqqı ödənməlidir. Bunun üçün isə sözsüz ki, maaşlar yüksək məbləğdə olmalıdır.
Odur ki, DSMF-ın xərclərinin azaldılması və gəlirlərinin çoxaldılması məqsədi güdülürsə və buna nail olmaq istəyiriksə, təkcə pensiyaya çıxmaq yaşını uzatmalı deyil, qanunsuz yolla pensiyaya çıxma hallarını tamamilə aradan götürməli, sığorta ödənişlərinin həm şaquli, həm də üfiqi artırılmasın da təmin etməliyik.
Ümumiyyətlə, ölkədə pensiya islahatının birinci şərtini qanunsuz yolla pensiyaya çıxma hallarının aradan götürülməsi təşkil etməlidir. Özünə xəstəlik adı alıb, zəhərli sahədə çalışmışam deyib, pensiyaya çıxanların sayı təəssüf ki, 100-lərlədir.
Hələ yalandan üstünə əmək stajı yazdıranları demirəm !
Sonra da deyirik ki, pensiyaları artırmağa pul çatmır… “
İqtisadçı -ekspert Pərviz Heydərov
Aysel İsgəndərova
VOİCEPRESS.AZ