“Öpüşmək rezonans doğuracaq məsələ deyil, lakin…”- Psixoloq rəyi

0
314736

Ötən gün jurnalist Xəqani Səfəroğlunun metro vaqonunda gənc cütlüyün qucaqlaşaraq, bir-birini öpməsinə göstərdiyi təpki ilə bağlı yazdığı status sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Övladlarının yanında bir-biriylə məhrəm münasibətdə olan gənc cütlükdən çox, jurnalistin onlara göstərdiyi təpki qınaq obyektinə çevrildi.

Azərbaycan cəmiyyəti və tarixən formalaşan, Şərq mühitindən irəli gələn mental dəyərlərə görə, təbii ki, ictimai yerdə öpüşmək rəsmən qadağan edilməsə də, doğru sayılmır. Lakin bügünkü müzakirələr bunun tam əksini göstərdi. Məsələnin isə görünməyən daha ağır psixoloji tərəfi var: jurnalistin sadəcə olaraq “feysbuk” səhifəsində yazdığı status həqiqətənmi, bu qədər əndazədən çıxarılmalı, tənqidlər şişirdilməli idi? Cəmiyyətin buna göstərdiyi izafi aqressiyanın səbəbi nədir?

VOİCEPRESS xəbər verir ki, psixoloq Elnur Rüstəmov Modern.az-a açıqlamasında yuxarıdakı psixoloji problematikanı bu cür əsaslandırır:

“Hər bir insanda özünü reallaşdırma, aktuallaşdırma tələbatı olur. İnsan daim özünü reallaşdırmaq istəyir. Yaşadığımız informasiya əsrində isə bu cür reallaşdırmanın əsas məkanı sosial şəbəkələrdi. Hansı ki, insanlar bildi-bilmədi məsələyə münasibət bildirməyə və mövzunu çox zaman əndazəsindən çıxarmağa, şişirtməyə cəhd göstərir. Statistikalara diqqət emişəm: lazımsız halda şişirdilən o cür müzakirələr maksimum bir-iki gün gündəmdə qalır. Ondan sonra isə heç bir önəm daşımayacaq. Bu gün metroda baş verən həmin hadisə sabah başqa formada tərarlayacaq və insanlar getdikcə bunu adi qarşılayacaq. Onlarda tənqid duyğusu itməyə başlayacaq.

Məsələn, dünən və bugünlü müzakirələrə diqqət edək: metrodakı hadisə haqqında status yazan jurnalistin bəlkə də, onu müzakirəyə çıxarmaq fikri olmayıb. Sadəcə, öz səhifəsində bu barədə qeydlər edib. İnformasiya cəmiyyəti, sosial şəbəkələrin də bəlası budur ki, onlarda tənqidin əhəmiyyətlilik dərəcəsi azalıb. Hamının telefonunda sosial şəbəkələrə çıxış imkanı var və hamı düşünmədən danışmaq, tərif və tənqid etmək istəyir. Nəticədə, insanların bir-birinə qıcıqlanma halları çoxalır. Virtual dünya insanları bir-birindən soyudur, uzaqlaşdırır. Bir psixoloq kimi məni narahat edən məsələ də budur. Məni ən çox narahat edən məsələ həm də o qədər də gərəkli olmayan bir müzakirənin əndazədən çıxması, tənqidinin şişirdilməsidir.

Ona görə də çalışmaq lazımdır ki, hər mövzu müzakirəyə çıxarılmasın. İnsanların şəxsi həyatı, müəyyən etik normalarla bağlı mövzular müzakirəyə çıxarılanda bunun maarifçi xarakter daşımasına çalışmaq lazımdır. Əks halda, müzakirənin mövzusu olan insanlarda psixoloji travma yaran bilər. Biz gələcəkdə toplum olaraq bu mərhələni- tənqidin zəifləməsini- keçəcəyik. Bizim üçün tənqidin əhəmiyyətlilik dərəcəsi azalacaq. Eynən Avropadakı kimi. Onlar da informasiya cəmiyyətinin tələblərini artıq keçiblər”.
“Niyə məhz bu mövzu ilə bağlı status bu qədər rezonansa səbəb oldu?” sualına cavab verən psixoloq mövzunun rezonans yaradacaq səviyyədə olmadığını bildirdi. Onun fikrincə, müzakirə lazım olmadığı səviyyədə şişirdildi:

“Əslində, mövzu rezonans doğurmadı, sadəcə, onu rezonans doğuracaq mərhələyə gətirib çıxardılar. Bu gün insanların norma anlayışı əndzadən çıxıb. İnsanlar bu gün nəyi müzakirəyə çıxarmaq, nəyi çıxarmamaq məsələsində çətinlik çəkirlər. Onlara tamaşa lazımdır, mövzu olsun və dartışdırsınlar. Sanki acdılar, müzakirə üçün. Kimin beynindən nə keçirsə onu doğru kimi qələmə veməyə acdılar. Cəmiyyətimizin bugünkü əsas problemi də elə budur. Sanki nə olsa mütləq müzakirə olunmalıdır. Sabah durub yağış yağsa, onu da müzakirəyə çıxaracaqlar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here