O şəkildəki cüt bacı 24 il sonra tapıldı – FOTO

3 Mart, 09:34

VOİCEPRESS odern.az-ın bir şəklin tarixçəsi ilə bağlı yazısını təqdim edir:

Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, QHT-lər, rəsmi qurumlar, rəsmi şəxslər bu şəkli tirajlayırlar… Amma çoxları bu şəklin gerçək tarixçəsindən xəbərsizdir…

Təqdim etdiyimiz bu şəklin nə vaxt, harda çəkiliyini Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş, tanınmış jurnalist Araz Qurbanov dəqiqliklə izah edib.

Şəklin çəkildiyi zaman 1993-cü il… Məkan Murov dağının ətəyi…

Beləliklə, Araz Qurbanovu eşidək:

“Doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşayıblar. Bu fotoşəkili AzərTAC-ın İlham adlı fotomüxbiri 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkmişdi.

Oraya ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Administrasiyasında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 9.00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər köçkünü torlanmış, əzizlərini arayırdılar. Bu zaman için-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kəsi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxırdı. Anasını axtarırdı.

Fotomüxbir İlhamın da gözləri dolmuşdu. Fotoaparatını götürüb bu qızcığazın şəklini çəkdi…

Sonralar bir jurnalist kimi onu çox axtardım. Nəhayət, Nazirlər Kabineti Aparatında Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim.

Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcərin Yanşaq-Zallar kəndindədir. Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var.

Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğma Kəlbəcərimizdə görməyi arzulayıram”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here