Məcburi köçkünlərə Novruz müjdəsi

3 Mart, 12:42

“Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib, siyahılara baxacağam”.

VOİCEPRESS-in məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək.

Baş nazirin müavini deyib ki, sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib: “520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb, özləri ödəniş edəcəklər”.

Əli Həsənov əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər yaşayan və qaz olmayan yerlərdə qazlaşma işlərinə başlanması barədə tapşırıq verib: “Biləsuvar rayonunda 16 mindən çox məcburi köçkün 11 qəsəbədə yaşayır. Dövlət başçısı ARDNŞ-ə bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq verib. Artıq bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq icra olunub. Gələn həftə yəqin ki, bu qəsəbələrə qaz verilməsinin açılışı baş tutacaq”.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here