Görkəmli coğrafiyaşünas alimin xatirəsi anılıb

0
314379

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunda görkəmli alim, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin xatirəsinə həsr olunmuş “Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

İnstitutdan VOİCEPRESS-ə bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov alimin həyatı, elmi, pedaqoji və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, E.Əlizadə coğrafiya elminin əsil cəfakeşi, tədqiqatçısı kimi tanınırdı. O, haqlı olaraq görkəmli akademiklər Həsən Əliyev və Budaq Budaqovun layiqli davamçısı hesab edilirdi. İnstitutun direktoru mərhum coğrafiyaşünas alim E.Əlizadənin qısa, lakin mənalı, zəhmət dolu həyatının hər bir gənc üçün nümunə ola biləcəyini qeyd edib.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov isə E.Əlizadənin səmimi, sözünə və əməlinə sadiq, yüksək savada, ensiklopedik biliyə malik bir insan olduğunu diqqətə çatdırıb.

E.Əlizadənin rəhbəri olduğu şöbənin əməkdaşları tərəfindən onun 60 illik yubileyinə sürpriz kimi nəzərdə tutulmuş, lakin ölümündən sonra xatirəsinə ithaf olunmuş videofilm nümayiş etdirilib.

Sonra coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov professor E.Əlizadənin elmi-tədqiqat işlərinin əsas istiqamətləri və nəticələri haqqında məruzə ilə çıxış edib.

BDU-nun dosenti Nərminə Seyfullayeva, alimin tələbəlik dostu, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə, ADPU-nun kafedra müdiri, dosent Oqtay Alxasov, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, BDU-nun kafedra müdiri, professor Tapdıq Həsənov və başqaları E.Əlizadə haqqında xatirələrini söyləyib, onun müsbət insani keyfiyyətlərini, yüksək elmi potensialını, savadını, iş qabiliyyətini xüsusi qeyd ediblər.

Sonda mərhum alimin həyat yoldaşı, institutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Sevil Quliyeva E.Əlizadə haqqında kövrək xatirələrini danışıb, onun haqqında xoş sözlər söyləyən, xatirəsini əziz tutan hər bir iştirakçıya ailəsi adından minnətdarlığını bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here