Fransua Olland: “Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb”

15 Mart, 11:10

Martın 14-də Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

VOİCEPRESS xəbər verir ki, Fransa Prezidenti şam yeməyində çıxışında qeyd edib:

-Cənab Prezident.

Cənab Nazirlər.

Hörmətli deputatlar.

Hörmətli xanımlar və cənablar.

Mən Sizi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimiz bir dönəmdə qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanımışdır. Beləliklə, həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Əslində mən “bərpa olunmuş müstəqilliyini” sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən olmuşdur.

Əslində xalqlarımız arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir. Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırmışdır. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlamışlar.

Daha sonra Fransanın qədim tarixə malik olan şərqşünaslıq ənənəsi bizi mədəniyyət sahəsində də yaxınlaşdırmışdır. Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur “Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıtmışdır. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olmuşdur. Artıq o vaxtdan ölkələrimiz arasında möhkəm əlaqələr qurulmuşdur və mən münasibətlərimizin istisnasız hər bir mövzuya toxunmağa imkan verən səmimiliyini və açıqlığını çox qiymətləndirirəm.

Cənab Prezident, Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda uğurla nəticələnsin. Fransa karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən biridir. Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram.

Cənab Prezident, hörmətli birinci xanım, Fransanın bir çox şirkətləri Sizin ölkənin nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar. Bildiyimə görə, Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanmışdır.

Cənab Prezident, mən Sizin ölkənizə səfər etmişəm. Biz 2016-cı ilin sentyabr ayında açılan Azərbaycan-Fransız Universitetinin uğurundan qürur hissi duyuruq. Universitetin artıq 150 tələbəsi var. Mən Sizə bu layihənin reallaşmasına verdiyiniz şəxsi dəstəyinizə görə təşəkkür etmək istərdim. Bu, təhsilə və ölkənizdə 50 minə yaxın şagirdə tədris edilən və 3-cü xarici dil olan fransız dilinin geniş yayılmasına Sizin verdiyiniz əhəmiyyəti bir daha göstərir.

Mən, həmçinin Fransanın və Azərbaycanın regionlarıarasında sayı get-gedə artan əməkdaşlıq proqramlarında iştirak edən rayon icra başçılarını və deputatları da alqışlamaq istərdim.

Mən nitqimi sülhün və sabitliyin vacibliyini qeyd edərək bitirmək istərdim. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatmışdır. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməmişlər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmamışdır.

Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır.

Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here