Fərid Qayıbov: “İdman klubları tərəfindən yarışların təşkil edilməsi federasiyaya boyük köməkdir”

0
313638

“Müxtəlif idman klubları tərəfindən uşaqlar üçün yarışların təşkil edilməsi federasiyamızın işi üçün boyük köməkdir”.

VOİCEPRESS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

Bu gün Bakıda “Sərhədçi” Olimpiya idman kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun bədii gimnastika üzrə “Bahar Kuboku” keçirilib.

Yarışlarda qonaq qismində iştirak edən Fərid Qayıbov öz fikirlərini bölüşüb: “Birinci növbədə mən “Gömrükçü” İdman Klubuna minnətdarlığımı bildirmək istəyirəm. Yarışlar yüksək səviyyədə təşkil olunub. İdman klubları tərəfindən bu cür yarışların təşkil olunması federasiyanın işinə dəstəkdir. Çünki, bunlar ölkədə bu idman növünün populyarlaşmasına yardım edir. Uşaqlar üçün yarışlar nə qədər çox təşkil olunsa, gimnastikanın inkişafı üçün bir o qədər faydalı olar. Çox deyilir ki, ən populyar gimnastika növü bədii gimnastikadır. Bu gün biz də görürük ki, çoxlu tamaşaçı gəlib. Baxmayaraq ki, 6-7 yaşlı uşaqlar çıxış edir, tribunalar doludur”.

Onun sözlərinə görə, yarışın digər müsbət tərəfi bütün gimnastların mükafatlandırılması oldu: “Bu gün hamı qalib oldu. Əsl gimnastika bayramı yaşandı. Çünki uşaqlar sevinəndə, buranı hədiyyə, diplom və medallarla tərk edəndə əsl bayram olur. Məğlub olan yoxdur. Bizə də məhz bu lazımdır. Həm də bu uşaqlar üçün böyük stimuldur, çünki onlar idmanla məşğul olmağa davam edəcək. Bu yarışlar onların yadında qalacaq, onlar mükafat əldə etmək üçün daha çox məşq edəcək. Bu özü müsbət haldır”.

F.Qayıbov qeyd edib ki, bədii gimnastika Azərbaycanın 13 regionunda inkişaf etməkdədir: “Biz görürük ki, insanlar Bakıdakı yarışlara Gəncədən, Kürdəmirdən, eləcə də Bakıətrafı qəsəbələrdən – Zirə, Zabrat, Şağandan gəlir. Respublika və Bakı birinciliklərində bütün uşaqlar çıxış edib medal qazana bilmir, bu tip yarışlarda isə hər kəs yüksək yerlər uğrunda mübarizə apara bilər. Biz gələcəkdə də bu cür turnirlər keçirməyi planlaşdırırıq. Təqvim var, uşaqlar üçün turnirlərlə məşğul olan xüsusi qrup var. Bir daha qeyd edim ki, bu yarışın keçirilməsində təşəbbüs “Gömrükçü” İdman Klubunundur. Biz onlara müəyyən dəstək verdik, hakimləri verdik. Amma əsas işləri onlar görüb. Klubların federasiyaya yardım etməsi sevindiricidir, bu bizim üçün böyük dəstəkdir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here