Əslində uşaqlara internet klublarda daha yaxşı nəzarət edə bilərik

8 Mart, 20:54

“Ən azından internet məkanında aldığı informasiyanı bölüşmək üçün yanında bir adam olacaq, orda hansısa görüntünü müzakirə edə biləcəklər”

Müasir uşaqların əyləncə ilə bağlı düşüncələri 5-10 il əvvəlkilərdən çox fərqlənir. Bu əyləncə isə çox zaman onlara böyük zərər vurur. Artıq yavaş-yavaş velosiped, xizək sürmək, voleybol, futbol, “ortadaqaldı”, “gizlənpaç” və s. kimi oyunlar aradan çıxmağa başlayıb. İndi uşaqları uşaq meydançalarında nadir hallarda top qovan görürük. Evdən futbol oynamaq adı ilə çıxan uşaqların əksəriyyəti internet klublara gedir. Bu gün internet klublar uşaqların yeni görüş məkanı olub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin dünən keçirilən iclasında “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi müzakirəyə çıxarılıb.

VOİCEPRESS sherg.az-a istinadən bildirir ki, komitənin sədri Aqiyə Naxçıvanlı layihənin 5 fəsil, 23 maddədən ibarət olduğunu bildirib. Layihədə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır.

Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, informasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb.

Bu qanun layihəsinin qəbulunu olduqca vacib sayan A.Naxçıvanlı qeyd edib ki, bəzən valideynlər uşaqlarını internet klublara göndərirlər. Lakin uşağının orada nələrə baxması barədə məlumatlı olmurlar: “Hətta bəzən valideynlər deyirlər ki, uşaq internet klubdan çox aqressiv qayıdır. Ona görə də valideynlər mütləq uşaqlarının internet klublarda nələrə baxmaları ilə maraqlanmalıdırlar”.
Komitənin üzvü Dilarə Cəbrayılova KİV-lərin uşaqlarla bağlı bəzi məlumatların yayılmasında çox diqqətli olmasını vacib sayıb: “Son vaxtlar uşaqlar arasında intihar halları artıb. Lakin xəbər saytları durmadan intihar halları barədə məlumatlar verirlər. Bəzi informasiyalar isə uşaqlarda narkotikaya meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır”.
Komitə üzvü Ağacan Abıyev hesab edib ki, proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Onun fikrincə, bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmədiklərindən onun izahı xüsusi titrlərlə qeyd edilməlidir.

Uşaqlarla bağlı hər bir təşəbbüsü dəstəklədiyini deyən “Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva qanunun sadəcə qəbul edilməsinin düzgün olmadığını qeyd edib. Birlik sədrinin sözlərinə görə, qanunun işləyib-işləmədiyi üçün müəyyən indikatorların da tətbiqi mütləqdir:

“Qanunun işlək formada olduğunu indikatorlarla ölçürük. Yəni, müəyyən məsələlərlə bağlı statistikaya nəzər yetirib qanunun qəbulundan sonra hansısa halların azalıb-azalmadığını öyrənmək mümkündür. Uşaqların həm fiziki, həm də əqli sağlamlığı, psixoloji durumları ilə bağlı atılan hər bir addım, qanunvericilikdəki təşəbbüslər, yeniliklər dəstəklənməlidir.Narkotiklərlə bağlı uşaqları diqqətdə saxlamaq üçün bizdə münasib qanunlar var. Uşaqların narkotikdən uzaqlaşdırılması üçün məncə ayrıca qanuna ehtiyac yoxdur”.

İnternet klublara qadağaların qoyulması ilə bağlı məsələyə gəlincə, Z.Mustafayeva bildirib ki, bu gün internet klublar virtual məkana çıxış üçün bütün dünyada qəbul edilmiş bir məkandır:

“İnternet kafelərdə pornoqrafik xarakterli saytlara baxmaq, narkotiklə bağlı olan informasiyalar yaymaq və təbliğ etmək qadağandır. Tutaq ki, uşaqlara internet klubda nəzarət edildi və onlar qadağa olunan saytlara baxmadılar. Amma onların əlində telefon var. Düşünürəm ki, uşaqlar daha çox ictimai yerlərdə internet bağlantıları eləsələr, onlara daha çox nəzarət edə bilərik, nəinki özünə qapılmış şəkildə. Ən azından internet məkanında aldığı informasiyanı bölüşmək üçün yanında bir adam olacaq, orda hansısa görüntünü müzakirə edə biləcəklər. Virtual olaraq elə çağırışlar olur ki, istər-istəməz insanları cəlb edir. Belə bir görüntü ilə rastlaşanda müzakirə üçün uşaqların yanında adam olması yaxşıdır. Bir də var ki, insan informasiya ilə tək başına qalır, bölüşməyə, müzakirə etməyə adam yoxdur. Bu hal daha təhlükəlidir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here