Ekspert Ərşad Hüseynov od püskürdü: “Məlumatın tarixinə baxın, sonra yayın”

6 Mart, 11:57

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov media nümayəndələrinə səslənib və son günlər onun adından istifadə olunaraq “Sürücülərə yeni cərimələr tətbiq olunacaq” başlıqlı xəbərlərin yayılmasına son qoymağa çağırıb:

“Hörmətli jurnalistlər, media nümayəndələri, xüsusən də informasiya saytlarının əməkdaşları.

2 gündür ki, mənə istinadən bir məlumat yayılır, təxminən bu adla: “Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir – SİYAHI” və s. Bu məlumatı mən 2016-cı ilin fevral ayında yaymışam. Kimsə arxivdən tapıb, aktivləşdirib, yenidən yayıb, guya ki təzədir, bu gündən qüvvəyə minir və s.

Həmin yazıda bəhs olunan məsələlər artıq 1 ildir ki, qüvvəyə minib, heç bir yeni şey yoxdur.
Xahiş edirəm, bunu nəzərə alın, məlumatın tarixinə baxın, sonra yayın”.

Qeyd edək ki, söhbət yeni İnzibati Xətalar Məcəlləsində (İXM) sürücülər üçün nəzərə tutulan və artıq ötən il qüvvəyə minmiş yeniliklərdən gedir. İXM-dəki həmin məqamlar bunlardır:

1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşını qəza yerində daha üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

6. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.

Aysel isgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here