BDU-da “Abay” kitabının təqdimatı olub

0
313668

Bakı Dövlət Universitetinin (BDU) Abay Kunanbayev adına Qazax Mərkəzində “Abay” kitabının təqdimat mərasimi keçirilib.

Universitetdən VOİCEPRESS-ə verilən məlumata görə, Türkdilli Ölkələrin Parlament Asambleyası, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin ortaq layihəsi əsasında işıq üzü görən kitabın təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin toplandığı kitabı yüksək dəyərləndirib.

Kitabın nəşrinin Azərbaycan-Qazax ədəbi əlaqələrinin inkişafı istiqamətində növbəti böyük hadisə olduğunu, Abayın müxtəlif dövrlərdə Azərbaycan şairləri tərəfindən tərcümə edilmiş onlarla şeiri və üç poemasının latın qrafikası ilə çap olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.
Qazaxıstanla ölkəmiz arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən rektor son illər prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində münasibətlərin daha yüksək səviyyəyə çatdığını qeyd edib. Bakı Dövlət Universiteti ilə Qazaxıstan universitetlərinin əlaqələrindən də bəhs edən rektor 2011-ci ilin may ayında BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzinin fəaliyyətə başladığını, Bakı Dövlət Universitetinin də bilavasitə iştirakı ilə Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev Mərkəzinin açıldığını diqqətə çatdırıb.
Tədbirdə Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, professor Firuzə Ağayeva, kitabın tərtibçisi, dosent Fatimə Dursunova Abay yaradıcılığının tədqiqi, tədrisi və tərcümə məsələlərindən danışıblar. Bildiriblər ki, Abay yaradıcılığının zirvəsi hesab edilən “Əqliyyə” fəlsəfi-didaktik əsəri ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edilib, kitabın elektron versiyası hazırlanaraq elektron resurslara daxil edilib.

Qeyd edək ki, Abay Mərkəzində bu illər ərzində bir çox layihələr həyata keçirilib, birgə konfrans və simpoziumlar təşkil edilib, Qazaxıstan universitetləri ilə müqavilələr bağlanıb. Belə ki, Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib, Qazaxıstan Parlamentinin Məclis sədri Nurlan Niqmatuli, böyük qazax şairi Oljas Süleymenov, Türkdilli Ölkələrin Parlament Asambleyasının baş katibi Jandost Asanov, qazaxıstanlı rektor və professorlar, jurnalistlər, bir çox tanınmış insanlar universitetdə olublar. Eyni zamanda universitetin bir neçə fakültəsində qazaxıstanlı tələbələr təcrübə keçiblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here