Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin daxili işlər orqanları arasında əməkdaşlıq müzakirə edilib

0
314670

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti “İnterpol”un və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Əbu-Dabidə keçirilən “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq forumda iştirak etmək üçün martın 28-dən BƏƏ-də işgüzar səfərdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə bildiriblər ki, martın 28-də işə başlayan və BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi ilə baş tutan tədbiri giriş sözü ilə ölkənin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Al Nəhyan açıb. O deyib ki, konfrans hüquq mühafizə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək, xüsusən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə əlverişli zəmin yaradacaq.

Dünyanın bir sıra ölkələrinin daxili işlər və ədliyyə nazirlərinin, yüksək vəzifəli polis məmurlarının qatıldıqları konfransda müasir dövrün çağırışlarına, habelə gələcəkdə regional və beynəlxalq təhlükəsizlik üçün yarana biləcək təhdidlərə qarşı birgə mübarizə məsələlərinin, bu istiqamətdə ayrı-ayrı dövlətlərin üzərinə düşən öhdəliklərin, qlobal polis strukturunun müəyyən edilməsinin müzakirəsi nəzərdə tutulub. Forumda terrorizmə, kibercinayətkarlığa, mədəni irs əleyhinə olan, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizədə səylərin əlaqələndirilməsi, eyni zamanda, müxtəlif ölkələrin Daxili İşlər nazirlikləri, polis və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və birgə əməkdaşlığın digər aktual problemləri diqqət mərkəzində olacaq.

Beynəlxalq konfrans çərçivəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirlikləri Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Al Nəhyan ilə görüşüb.

BƏƏ-nin Baş nazirinin müavini, daxili işlər naziri onun dəvətini qəbul edib forumda iştirakına görə azərbaycanlı həmkarına minnətdarlıq edib. O, son illər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.

Rəsmi dəvətə, səmimi qəbula və başçılıq etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ramil Usubov dövlətlərimizin başçıları arasında şəxsi dostluq münasibətləri, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində ikitərəfli münasibətlərin xüsusən son illər dinamik şəkildə, uğurla inkişaf etdiyini deyib. Nazir bu kontekstdə təqribən on il əvvəl BƏƏ-yə səfərini məmnunluqla xatırladıb. R.Usubov bu səfərin də ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Sonra daxili işlər naziri R.Usubov BƏƏ-nin Daxili İşlər Nazirliyi Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsində olub, adıçəkilən qurumun fəaliyyəti və bu ölkənin xüsusi təyinatlılarının texniki təminatı ilə yaxından tanış olub.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov səfər çərçivəsində Dubay şəhərinin polis rəisi Abdulla Xəlifə əl-Mərri ilə də görüşüb.

Görüşdə təhlükəsizliyin və ictimai asayişin təmin olunması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib. Abdulla Xəlifə əl-Mərri daxili işlər nazirinin BƏƏ-yə səfərinin və Dubay polisi əməkdaşlarının təhlükəsizlik kurslarının buraxılışında iştirakından məmnunluğunu bildirib. O, müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsi arzusunda olduqlarını ifadə edib.

Nazir R.Usubov Birləşmiş Ərəb Əmirlikləri polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu, belə görüşlərin birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here