VOİCEPRESS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.
Dövlətimizin başçısı bildirib: “Biz bu döyüşlər zamanı və döyüşlərdən sonra xalqımızın qəhrəmanlığını gördük. Ermənistan həmişə olduğu kimi, döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə atəş açır. Bu dəfə də belə oldu. Bizim yüzlərlə kəndlimizin evləri dağıdıldı, bir neçə mülki şəxs həlak oldu. Ancaq təmas xəttinə yaxın yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımız çox böyük cəsarət göstərmişlər. Biri də yerindən tərpənmədi. Öz evlərini, kəndlərini tərk etmədilər. Ermənilər hesab edirdilər ki, 1990-cı illərin əvvəllərində olduğu kimi olacaq. Ancaq onlar səhv etdilər. O vaxt satqın AXC-Müsavat rəhbərliyi ancaq hakimiyyət barədə düşünürdü və vətəndaşlar da onu bilirdilər ki, o hakimiyyətdən hər hansı bir dəstək, hər hansı bir kömək gözləmək əbəsdir, mənasızdır. Bu dəfə isə vətəndaşlarımız tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvəzini çıxacaq. Belə də oldu. Hesab edirəm ki, bu, əsas amildir. Ona görə Azərbaycan vətəndaşları – düşmənlə üz-üzə, daim təhlükədə yaşayan Azərbaycan vətəndaşları çox yüksək qiymətə layiqdirlər. Aprel döyüşlərindən sonra mən təmas xəttində yerləşən kəndlərə baş çəkərkən bir daha Azərbaycan xalqının cəsarətini və Vətənə bağlılığını əyani şəkildə gördüm”.
Prezident qeyd edib ki, aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər:
“Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır”.
VOİCEPRESS.AZ