Rübabə Sahib: “Təhsili dəyərə çevirək”

7 Mart, 16:32

Səmimi, insanın bütün ruhunun əks olunduğu ayna kimi bir yazının qələm sahibi xanım, ABOEM üzrə Dövlət Agentliyinin mətbuat katibi Rübabə Sahibdir. Gənc, gözəl və istedadlı bir Azərbaycan xanımının bu qədər həyatsevər və zəhmətkeş olması bəlkə də, hər kəsə örnək olmalıdır. Elə bu məqsədlə insan ruhunu yansıtan, təmiz bulaq kimi şəffaf bir mənəviyyatın qidası olan o əsrarəngiz yazını oxucuların nəzərinə çatdırmağı özümüzə borc bildik:

“İşimi sevirəm, həm də işləməyi, özü də çox işləməyi sevirəm. Ən çox öyrənməyə həvəs göstərirəm. Məqsədim əldə etdiyim bilik və bacarıqlarla müxtəlif istiqamətli kontingentlərlə çalışmaq və öyrəndiklərimi tətbiq etməkdir. Bu mənada mətbuat katibi işlədiyim ABOEM üzrə Dövlət Agentliyində 2017-ci il üzrə illik media və ictimaiyyətlə əlaqələr istiqamətində fəaliyyətimizi əks etdirəcək tədbirlər planı hazırladım. Tədbirlər planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə işin təşkili idi. Plana əsasən, orta məktəblərlə iş üzrə kurikulum əsaslı, akademi və yaradıcı bacarıqların kəşfinə yönəlik, öyrədici və əyləndirici bir layihə tərtib etdim. Layihənin hazırlanması ilə eyni vaxtda 36 və 126 saylı məktəblərdən bir təklif daxil oldu. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci dərs ilində “Təhsili dəyərə çevirək” devizi altında həyata keçirdiyi “ekoloji aylıqlar” çərçivəsində mart ayını orta məktəblərdə “alternativ enerji mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsini planlaşdırıb. Adı gedən məktəblərin bu istiqamətdə müraciəti mənim hazırladığım layihənin gerçəkləşməsi üçün tramplin oldu.

Beləliklə, alternativ və bərpa olunan enerji sahəsində təhsilyönümlü layihələrin həyata keçirilməsinin ölkəmizin gələcək inkişafında öncül rol oynayacağını qeyd edən və fəaliyyət istiqamətində buna xüsusi yer ayıran ABOEM üzrə Dövlət Agentliyi bu layihəni də gerçəkləşdirdi. Dövlət Agentliyi 6 mart 2017-ci il tarixində “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərlə iş üzrə silsilə tədbirlərə başladı. “Uşaqdan böyüyə – zərərsiz enerji həftəsi” elan edilməklə başlanan layihə Bakı şəhərinin 36, 80, 126, 203, 246 saylı məktəblərini əhatə edir. Həftə ərzində adı gedən məktəblərdə Dövlət Agentliyinin əməkdaşları Cahid Mikayılov və Fəqan Əbdürrəhmanov tərəfindən təlim-treninglər keçirilməkdədir, həftəsonu məktəblilər üçün Qobustan Poliqonu və Təlim-Tədris Mərkəzinə ekskursiyalar nəzərdə tutulub. Ekskursiya müddətində şagirdlər həm Qobustanda Günəş, Külək Elektrik Stansiyaları , Təlim-Tədris Mərkəzi ilə tanış olacaqlar, həm də rollu oyunlar oynayacaq, məntiqi bacarıqlara yiyələnəcəklər.

Növbəti həftə isə buklet hazırlamağı öyrənəcək, bərpa olunan enerji növləri haqqında öz fantaziyalarına əsaslanaraq bukletlər hazırlayıb, əhali arasında video sorğu keçirəcəklər. Eyni zamanda divar qəzeti düzəldib, referatlar yazacaq, bu sahəni əks etdirən rəsm çəkib, valideynləri ilə birgə plastilin, taxta, kağız, ip, müxtəlif bəzək əşyaları və ya tullantı materialları vasitəsilə plakatlar hazırlayacaqlar. Sonda layihədə fəallığı ilə seçilən, ən yaxşı nümunələri yaradan məktəblər və məktəblilər müxtəlif dərəcəli diplom və hədiyyələrlə təltif olunacaqlar”.


Rübabə Sahib: “Təhsili dəyərə çevirək”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here