VOİCEPRESS xəbər verir ki, bu gündən etibarən 6-12 mart 2017-ci il tarixləri “Uşaqdan böyüyə – zərərsiz enerji həftəsi” elan olunub. Həftəlik çərçivəsində ilk olaraq 126 saylı məktəbdə yenilənə bilən enerji növləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda təlimlər keçirildi.
Təlimlər adı gedən digər məktəblərdə davam etdirilir.
Həmçinin ay ərzində bərpa olunan enerji növlərinə aid şagirdlərin yaradıcı təxəyyülünə əsaslanan “Buklet yarış-treningi” keçiriləcək, Qobustan Poliqonu və Təlim-Tədris Mərkəzinə ekskursiyalar təşkil ediləcək. Eləcə də mart ayı ərzində şagirdlər qrup şəklində tükənməyən enerji növləri barəsində referat yazıb, divar qəzeti hazırlayacaq, alternativ enerji haqqında 2-3 dəqiqəlik qısa film çəkəcək, ABOEM haqqında buklet tərtib edərək, tərtib etdikləri bukletlərlə vətəndaşlardan video sorğu keçirəcək, bu sahəni əks etdirən rəsm çəkib, plastilin, taxta, kağız, ip, müxtəlif bəzək əşyaları və ya tullantı materialları vasitəsilə plakatlar hazırlayacaqlar.
Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci dərs ilində “Təhsili dəyərə çevirək” devizi altında həyata keçirdiyi “ekoloji aylıqlar” çərçivəsində mart ayını orta məktəblərdə “alternativ enerji mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsini planlaşdırıb. Sözü gedən layihə də bir sıra orta məktəblərin bu istiqamətdə müraciəti əsasında gerçəkləşdirilir.
VOİCEPRESS.AZ