40 yaşından sonra tələbə olan indiki icra başçıları – SİYAHI

9 Mart, 13:36

Dövlət məmurlarının həyatı, tərcümeyi-halı çoxlarına maraqlıdır.VOİCEPRESS “yeniavaz.com”-a istinadən xəbər verir ki, bəzən bu məlumatları araşdırarkən maraqlı faktlar üzə çıxır. Bir çox saytlarda isə bəzən onların bir çoxunun ali təhsilləri ilə bağlı xəbərlər dərc olunur, ittihamlar səsləndirilir. Bəzən bu xəbərlərə həmin vəzifəli şəxslər ya münasibət bildirir, ya da ümumiyyətlə reaksiya vermirlər.
Yeri gəlmişkən, internetdə bu mövzuda yazıların, xəbərlərin sayı kifayət qədərdir. Ancaq onların nə dərəcədə doğru olub-olmadığını yəqin ki, özlərindən başqa heç kim bilmir. Biz isə onların barəsində hər hansı ittiham səsləndirmək fikrindən uzağıq. Bu yazımızda tərcümeyi-hallarına əsaslanıb nisbətən yaşlı vaxtlarında ikinci ali təhsil alan vəzifəli şəxslər barədə məlumat verəcəyik. O insanların ki, uzun illərdir dövlət qurumlarında, müxtəlif vəzifələrdə çalışırlar.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun 59 yaşı var. Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə verib və 1980-ci ildə müvəfəqiyyətlə institutun “Sənaye və mülki tikinti” fakültəsini bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, Saleh Məmmədov 35 il sonra, yəni 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirib. “Hüquqşünaslıq” diplomu alan il Saleh müəllimin 57 yaşı olub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin 56 yaşı var. Qəzənfər Arif oğlu Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, 12 il sonra, yəni 2002-ci ildə isə Qəzənfər müəllim Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Həmin ildə Qəzənfər müəllimin 41 yaşı var imiş.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 59 yaşı var. Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Tərcümeyi-halına əsasən deyə bilərik ki, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və “Təfəkkür” Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirib. Lakin tərcümeyi-halında Əhəd müəllimin “Təfəkkür” Universitetinə neçənci ildə daxil olması və bu ali təhsil ocağını bitirməsi barədə məlumat verilməyib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də bir qədər gec tələbə olanlardandır. Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub.
1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Sankt Peterburq Milli Aviasiya Akademiyasını bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, sonuncu ali təhsilini alarkən Vilyam müəllimin 37 yaşı olub.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun 53 yaşı var. Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu bitirib. Bundan 17 il sonra, yəni 2006-cı ildə Ayaz Əsgərov Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Sonuncu ali təhsilini alarkən Ayaz müəllim 42 yaşında olub.
Yalnız bu məlumatları dəqiqləşdirə bildik
Sonda bir məqamı da qeyd edək ki, biz bu yazımızda sonradan ali təhsil alan vəzifəli şəxslərimizin hamısı barəsində məlumat verə bilməmişik. Yəqin ki, bu siyahıdan kənarda qalan məmurlar, dövlət qulluqçuları, millət vəkilləri də var. Lakin onları bir-bir araşdırmaq, üzə çıxarmaq, müqayisə etmək, hesablama aparmaq çox vaxt tələb edir. Biz isə qısa vaxt ərzində yalnız bu məlumatları dəqiqləşdirə bildik.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here