VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda qeyri-neft ixracını artırmaq və sahibkarların hazırladıqları məhsulların dünya standartlarında istehsalına nail olmaq üçün yeni standartlar tətbiq olunacaq. Ən yeni çağırışlara cavab verən standartların hazırlanması dövlət başçısının imzaladığı fərmanda öz əksini tapıb. Fərman yeni standartlaşdırma qanununun hazırlanması üçün konseptual sənəd rolunu oynayır.
Yüksək tələblərə cavab verən yerli standartların yaradılması eyni zamanda tələb olunan keyfiyyətdə hazırlanan məhsulların dünya bazarına daha asan çıxışı deməkdir. Məhsulların sertifikatlaşdırılması əsasən risk qrupuna bölünməklə müəyyən ediləcək.
Standartların və texniki tələblərin dəyişdirilməsi ilə yanaşı standartlaşdırma sahəsinin idarə edilməsində də ciddi yeniliklər gözlənilir. Belə ki, komitənin müxtəlif istiqamətlərdə fəaliyyətini yeni yaradılacaq publik hüquqi şəxslər icra edəcək.Milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılması üçün 2018-2025-ci illər üçün dövlət proqramının ilkin layihəsi də hazırlanacaq.
VOİCEPRESS.AZ