Yaqub Mahmudov:- “İrəvanın ermənilərə verilməsi qərarı səhv olub”
VOİCEPRESS bildirir ki, Milli Məclisin iclasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov belə təkliflə çıxış edib.
Onun sözlərinə görə, məsələni parlament səviyyəsinə çıxartmaq üçün əsaslar var.
“Sənədlər bizim əlimizdədir. Dövlət başçısı da o torpaqların Azərbaycana məxsus olması barədə prinsipial mövqeyini daim ifadə edir. Bu günlərdə hərbçilərimiz qarşısında dedi ki, İrəvanın ermənilərə verilməsi qərarı səhv olub”.
O deyib ki, ümumi ərazisi 9 min kv. km olan İrəvan və ətrafındakı ərazilər ermənilərə bu şərtlə verilib:
“Şaumyanın başçılıq etdiyi daşnak qrupları azərbaycanlılara qarşı soyqırımı dayandırır; Azərbaycan ərazisində bütün soyqırımlarına son qoyurlar; bir daha Azərbaycana ərazi iddiası irəli sürməyəcəkləri barədə öhdəlik götürürlər; ordakı azərbaycanlılarla ermənilər eyni hüquqlara malik olur, hətta orada bizim şeyxülislam təyin edilir.
Ancaq bu razılaşma əldə olunandan bir gün sonra, 29 mayda Zəngəzura qarşı ərazi iddiaları, soyqırımları başladı. Milli Məclis də o vaxtkı Milli Şuranın hüquqi varisidir. Ermənilər bu razılaşmanı birtərəfli qaydada pozduğu üçün Azərbaycan məsələni yenidən Milli Məclisdə müzakirəyə çıxarmalıdır. Ermənilər üzərinə götürdüyü şərtləri pozduğu üçün o torpaqlara varislik hüququmuzun olduğunu bəyan etməliyik”.
Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, bu, çox ciddi bir məsələdir və Milli Məclis bu məsələni müzakirəyə çıxarıb müvafiq qərar qəbul etməlidir.
VOİCEPRESS.AZ