Xocalı həqiqətləri Pakistan mətbuatının gündəmində

18 Fevral, 15:14

Pakistanın “Diplomatic Insight” jurnalında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş “Qanlı faciənin 25 illiyi” sərlövhəli məqalə dərc olunub.

VOİCEPRESS
xəbər verir ki, məqalədə 1992-ci il fevral ayının 25-də Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı alayı tərəfindən həyata keçirilən vəhşi soyqırımın motivləri ətraflı izah edilmiş, uşaq, yaşlı və qadınların fərq qoyulmadan qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Etnik təmizləmə siyasətini terrorizm vasitələri ilə həyata keçirən Ermənistanın Xocalı soyqırımını törətməkdə əsas məqsədinin mülki əhaliyə qarşı qırğınlar törətməklə Azərbaycan torpaqlarını işğal etmək olduğu öz əksini tapmışdır.

Yazıda həmçinin, bütün mülki əhalini ucdantutma qətlə yetirərək soyqırıma imza atan Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq baxımından cinayət olduğu elmi əsaslarla sübut edilmişdir. Ermənilərin bununla yanaşı, islam mədəniyyət abidələrini, məscidləri, türbələri məhv etdiyi qeyd olunmuşdur.

Məqalədə Xocalı soyqırımının Pakistan Senatı, eləcə də ABŞ-ın bəzi ştatları tərəfindən tanındığı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı soyqırımı barədə qətnamə qəbul edildiyi, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı Ermənistanın dərhal və qeydsiz-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsinin tələb olunduğu, lakin bu qətnamələrin icra edilmədiyi nəzərə çatdırılmış, ədalətin bərpası və dayanıqlı sülhün əldə olunması üçün cəzasızlığa son qoyulmasının əhəmiyyəti qeyd edilmişdir.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here