VOİCEPRESS xəbər verir ki, bunu Ermənistan Prezidentinin könüllülər şurasındakı çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev trend-ə açıqlamasında deyib:
XİN rəsmisi bildirib ki, dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitində olan dövlətin başçısı kimi bu şəxs seçki öncəsi dövrdəki çıxışında ölkəni tənəzzüldən çıxarmaq və qonşu dövlətlərlə əlaqələri normallaşdırmaq barədə tezislər təqdim etmək əvəzinə, erməni xalqına yalnız yeni müharibələr vəd edir:
“Hər kəsə açıq şəkildə aydın olsa da, Ermənistan rəhbərliyi bir daha dövlət başçısı səviyyəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonların Ermənistan tərəfindən işğal edildiyini və viranəyə çevrildiyini etiraf edir. Bu gün Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə post-konflikt reabilitasiya və regionda davamlı sülhün təmin olunmasının unikal modelini ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi özünün işğalçılıq və destruktiv siyasəti ilə “fəxr edir”. İndi beynəlxalq ictimaiyyət özü bir daha görməli və dərk etməlidir ki, qoşunların təmas xəttində gərginliyin, erməni əsgərlərinin ölümü ilə nəticələnən hərbi avantüraların, o cümlədən aprel hadisələrinin, Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatların arxasında duran səbəbkar kimdir. Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri görməlidirlər ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün Azərbaycanın tərəf müqabili kimdir və hansı təfəkkürə malikdir. Ona görə də regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət mənəvi-etik və hüquqi əsaslardan məhrum olan Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək:
“Buna əsla heç kimin şübhəsi olmasın. Ermənistan rəhbərliyi nə qədər tez bunu dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh təmin olunar və ilk növbədə erməni xalqı yaranmış regional əməkdaşlıq imkanlarından faydalana bilər”.
VOİCEPRESS.AZ