Azərbaycanda vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı nağdsız hesablaşmaların həyata keçirilməsinə nəzarət qaydası müəyyənləşib. VOİCEPRESS-in məlumatına görə, bununla bağlı Vergilər Nazirliyinin Kollegiyası “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”na əlavə edib.
Fevral ayından qüvvəyə minən qaydaya əsasən səyyar vergi yoxlaması zamanı yoxlanılan vergi ödəyicisi ilə digər vergi ödəyiciləri arasında hesablaşmalar üzrə nağdsız ödənişin həmin şəxsin bank hesabından digər şəxslərin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməsi araşdırılır. Nağdsız hesablaşmalara nəzarət zamanı aşağıdakı ödənişlərin nağdsız qaydada aparılması araşdırılır:
– Vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
– “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
– Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
– Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
– Stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
– Faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
– Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
– Təhsil haqlarının ödənilməsi;
– Turagentlərə ödəmələr.
ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
– Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
– Əlvan və qara metal qırıntılarının qəbulu;
– Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
– Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.
Səyyar vergi yoxlaması zamanı vergi ödəyicilərinin bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsi əməliyyatları üzrə yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində verginin düzgün tutulması araşdırılmalıdır.
VOİCEPRESS.AZ