İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq

0
314312

Martın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılacaq.


VOİCEPRESS xəbər verir ki, “Bakı-2015” ilk Avropa Oyunlarında olduğu kimi, əhalinin bu mötəbər idman tədbirindən yüksək zövq alması məqsədilə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi biletləri münasib və əlverişli qiymətlərlə təklif edəcək. İki manatdan başlayacaq qiymətlər əhaliyə on gün ərzində paytaxtımızda baş tutacaq idman yarışlarını rahat şəkildə izləməyə və oyunlardan zövq almağa imkan yaradacaq.
Oyunlarda idmanın 20 növü üzrə 500 mindən artıq biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur.
Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov mötəbər yarışlara 100 gündən də az bir vaxt qaldığı bu müddətdə görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhaliyə unudulmaz idman tədbirini nümayiş etdirməkdir. Azad Rəhimov deyib: “Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili vətəndaşlarımızın bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etməsinə şərait yaradacaq. Bizim üçün önəmli amillərdən biri əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə yanaşı, biletlərin qiyməti baxımından da onların məmnunluğuna nail olmaqdır”.
Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manatdır. On altı yaşadək uşaqlar 13 idman arenasında yarışları pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.
Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri ilə bağlı son yenilikləri IV İslam Həmrəyliyi Oyunlarının rəsmi səhifəsinin müvafiq bölməsindən əldə etmək olar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here