Ötən ilin dekabr ayında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində öldürüldüyü sərginin təşkilatçısının FETÖ ilə əlaqəsi ortaya çıxıb.
VOİCEPRESS-in Türkiyə KİV-nə istinadən məlumatına görə, Ankara respublika Baş prokurorluğunun tələbi ilə səfərin öldürüldüyü “Səyahətçi gözü ilə Klaninqraddan Kamçatkaya qədər Rusiya” sərgisinin təşkilatçısı Timur Ozkanın bank hesablarında araşdırma aparılıb.
Məlum olub ki, T.Özkan pul transferində fəal olub və 2012-ci ildə hazırda axtarışda olan FETÖ-çu Şərif Əli Tekalana pul göndərib. Bundan başqa, T.Özkanın Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərdən birinin bank hesabına külli miqdarda vəsait yatırdığı müəyyən edilib. Hazırda adı açıqlanmayan həmin şirkətin FETÖ ilə əlaqəsi araşdrılır.
Türkiyə KİV-də sərgi təşkilatçısının Facebook-da FETÖ üzvləri ilə yazışdığına dair xəbərlər də yayılmışdı. İttihamları qəbul etməyən, FETÖ və sui-qəsd hadisəsi ilə əlaqəsinin olmadığını deyən T.Özkan ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Prokurorluqda şübhə doğuran məqamlardan biri də budur ki, T.Özkan 1500 lirə (701.7 AZN) maaş aldığı halda 45 ölkədə səfərdə olub.
Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada keçirilən sərgilərdən birində hücuma məruz qalıb. Sui-qəsd nəticəsində səfir qətlə yetirilib. Səfiri 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altıntaşın güllələdiyi bildirilir. Sui-qəsdçi öldürülərək zərərsizləşdirilib.
VOİCEPRESS.AZ