Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Qəbələ” və “Qarabağ” komandaları arasında oyuna start verilib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 17:30-da Qəbələ şəhər stadionunda başlayan bu oyun nəinki 19-cu turun, ümumilikdə çempionatın ən vacib və əhəmiyyətli qarşılaşması kimi səciyyələndirilir. Hər iki komanda bu yarışa ciddi şəkildə hazırlaşıb. Çünki bu, çempionluğa ən iddialı olan və son illər ölkəmizi Avropada uğurla təmsil edərək öz sözünü deyən “Qəbələ” və “Qarabağ” komandalarının mübarizəsidir. Oyunu hakimlər Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev idarə edir. Futbol azarkeşlərinin çoxdandır ki, gözlədiyi və arzulanan belə maraqlı yarış Premyer Liqada sıradan bir oyun deyil, mövsümün ən maraqlı qarşılaşması hesab edilir.
Son 3 mövsümün çempionu olan “Qarabağ” liderliyini qorumaq üçün “Qəbələ”yə uduzmamağa çalışır. Meydan sahibi “Qəbələ” isə zirvəni ələ keçirmək üçün mübarizə aparır. Qurban Qurbanovun yetirmələri 3 oyunluq qələbə seriyasını bu görüşdə də davam etdirsə, rəqib komandadan 6 xallıq fərqlə irəlidə olacaq. Roman Qriqorçukun komandası isə qələbə qazanarsa aralarındakı ümumi xal hesabı bərabərləşəcək.
Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində fevralın 18-də “İnter” və “Zirə” oyunu 1:1, “Neftçi” və “Kəpəz” görüşü isə 0:0 hesabı ilə başa çatıb. Fevralın 19-da “Sumqayıt” və “AZAL” oyunu 1:0 hesabı ilə başa çatıb. Hazırda turnir cədvəlində “Qarabağ” 42 xalla birinci, “Qəbələ” 39 xalla ikinci, “İnter” 33 xalla üçüncü yerdədir.
VOİCEPRESS.AZ