VOİCEPRESS-in cənub bürosunun verdiyi məlumata görə, hal-hazırda rayon mərkəzində qarın qalınlığı 50 sm-dən artıqdır. Ucqar dağlıq ərazidə isə 70 -80 sm təşkil edir. Elə bu səbəbdən də ucqar dağ kəndlərinə nəqliyyatın hərəkəti dünən axşam saatlarından tam dayanıb. Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, bu gün səhər saatlarından həmin ərazilərə yol idarəsinin ağır texnikaları cəlb olunub. Anoloji problem Yardımlı, Astara, Lənkəran və Masallının dağ kəndlərində də yaşanır.
Hazırda dağ rayonları üçün həyat əhəmiyyətli Lənkəran-Lerik və Masallı-Yardımlı yolunda buzlaşma səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb. Yol idarələrinin rəsmiləri xüsusi qış hazırlığı olmayan sürücülərə bu yollardan istifadə etməməyi məsləhət görür.
Qar bölgədə enerji probleminə də yol açıb. Lerik rayonunun 7 kəndi gecə saatlarından enerjisiz qalıb. Bölgənin bütün rayonlarının dağ kəndlərində enerji fasilələri yaranıb. Qaz verilişində hələ ki, dayanmalar yoxdur. Bölgədə qar əvvəlki intensivliklə yağmaqda davam edir.
VOİCEPRESS.AZ