VOİCEPRESS xəbər verir ki, bunu milli.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Millət vəkilinin fikrincə, səfər zamanı ciddi uğurlar əldə edilib: “Azərbaycan prezidentinin iştirak etdiyi yüksək səviyyələrdə görüşlərdə həm Azərbaycanla Avropa Birliyi arasında strateji sazişin hazırlanıb imzalanmasına dair razılığın əldə edilməsi, həm energetika sahəsində, həm də iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə dair məsələlərdə ciddi uğurlara nail olunub. Bu göstərir ki, tərəflərin maraqlarının üst-üstə düşdüyü məqamlarda irəli getmək mümkündür və zəruridir”.
R.Musabəyov hesab edir ki, bu səfər zamanı anti-Azərbaycan qüvvələrinin planları da puç olub: “Orada ürək bulandırmaq istəyənlərin niyyətləri elə onların ürəklərində qaldı. Prezident İlham Əliyev düzgün olaraq Avropa Parlamentinin sədri ilə görüşdən imtina etdi. Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi lazımsız hərəkət idi. Onlara sübut olundu ki, nəticədə özləri pis vəziyyətdə qalacaqlar. Əslində, bu protokol xarakterli bir görüş idi və dövlət başçımızın bu görüşə heç ehtiyacı da yox idi. Antonio Tayani yeni təyin olunmuş sədrdir, amma hərəkəti ilə özünü çətin vəziyyətə saldı. Əgər onlar “oyun oynamaq” istəyirlərsə, getsinlər başqa adamlarla oynasınlar. Prezident İlham Əliyevin bu görüşdən imtina etməsi həm Avropa parlamentinə siyasi jestdir, həm də bizimlə oyun oynamaq istəyinin təsirsiz ötüşəcəyini düşünməyin yalnış olduğuna ciddi bir mesajdır”.
Qeyd edək ki, prezident İlham Əliyevin Bürsselə səfəri Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə baş tutmuşdu və səfərin əsas görüşü də məhz onunla oldu.
Bundan başqa, Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, eləcə də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşərək geniş müzakirələr aparıb.
Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti, Niderland-Azərbaycan dostluq qrupunun sədri, Azərbaycanın dostlarından biri hesab edilən Rene Van der Linden və Belçikalıların Kralı Filiplə də görüşüb
VOİCEPRESS.AZ