Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malik olmaq istəyir: “Düşünürəm ki, biz buna nail olmuşuq. Çünki bu, hər bir ölkə üçün vacibdir. Biz qonşuluqda yaşayırıq və təcrid olunmuş ölkə deyilik. Bizim Ermənistandan başqa bütün qonşularımızla çox fəal münasibətlərimiz var. Qeyd etdiyim kimi, bizim ən böyük tərəfdaşımız olan Türkiyə ilə çoxlu layihələrimiz var. Bizim Gürcüstan, Rusiya, İranla da çoxlu layihələrimiz var. Düşünürəm ki, bu müstəqillik illəri bütün ölkələrə, o cümlədən qonşularımıza aydın göstərdi ki, biz dostluq və əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik. Lakin biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik. Bu, baş verdikdə, biz çox sərt mövqe nümayiş etdiririk. Lakin xoşbəxtlikdən Azərbaycanın öz siyasətini həyata keçirməsi bu gün artıq dünyada və regionda böyük mənada qəbul edilir. Bu siyasət bizim milli maraqlarımıza əsaslanır. Əgər bizim maraqlarımız qonşularımızın maraqları ilə üst-üstə düşürsə, bu, yaxşı haldır. Əgər üst-üstə düşmürsə, bizim üçün əsas öz maraqlarımızdır. Bu, qeyd etdiyiniz qonşu ölkələrlə münasibətlərimizə, eləcə də Avropa ölkələri, ümumilikdə Qərb ilə münasibətlərimizə də aiddir. Bizim bir çox Avropa ölkələri ilə çox yaxşı işgüzar münasibətlərimiz var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq üzrə sazişlər imzalamışıq və yaxın zamanlarda Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlara başlayacağıq. Qərbdə də yaxşı başa düşürlər ki, Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib. Əksinə, düşünürəm ki, təşəbbüslərimizin əksəriyyəti regionumuzdakı gərginliklərin azaldılmasına imkan verib”.
Azərbaycan Prezidenti bildirib ki, son illərdə və aylarda region ölkələrinin bəzilərinin münasibətlərində çətinliklər yarandı: “Lakin bizim siyasətimiz həmişə ona əsaslanıb ki, bu çətinlikləri necə yumşaldaq, bu ölkələrə münasibətlərini normallaşdırmaq işinə necə kömək edək. Buna görə də görürük ki, bu, özünü doğruldur. Ərəb dünyası ilə münasibətlərə gəlincə, deməliyəm ki, bu münasibətlər bizim üçün hər zaman prioritet olub. Mən bir çox ərəb ölkələrinə rəsmi səfərlər etmişəm. Bizim əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə böyük həmrəylik nümayiş etdirmişdir və biz bunu yüksək qiymətləndiririk. Qətər ilə münasibətlərimiz də bizim üçün böyük əhəmiyyət kəsb edir və doğru qeyd etdiyiniz kimi, bu, ikitərəfli format və həmçinin Körfəz ölkələri ilə əməkdaşlıq formatıdır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və bir çox başqa ərəb ölkələrinə uğurlu səfərlərim və Qətərə planlaşdırılan səfərim bu əməkdaşlığı gücləndirəcək. Biz ərəb ölkələrindən daha çox adamın ölkəmizə gəlməsini istəyirik. Yəqin bilirsiniz ki, biz bu yaxınlarda Körfəz Əməkdaşlığı ölkələrinin vətəndaşları üçün bütün viza tələblərini aradan qaldırmışıq. Qətərin Əmiri, Əlahəzrət Azərbaycanda rəsmi səfərdə olub. İndi isə mənim növbəmdir. Bizim Əlahəzrətlə çox yaxşı şəxsi, mən deyərdim ki, dost münasibətlərimiz var. Biz bir çox iqtisadi layihələr üzərində işləyirik. Biz Əlahəzrətin Bakıya səfəri zamanı birgə iqtisadi komissiyanın yaradılması barədə razılığa gəlmişik və o, artıq fəaliyyətə başlayıb. Bu yaxınlarda Qətərin xarici içlər naziri Bakıda səfərdə olub və onlar bu görüşü keçiriblər. Komissiya əsas diqqəti iqtisadi əməkdaşlığımızın praktiki məsələləri üzərində cəmləşdirəcək. Biz qarşılıqlı ticarətin səviyyəsini artırmaq istəyirik. Biz sizin digər ölkələrdən aldığınız məhsulları Qətərə daha çox ixrac etmək və həmçinin daha çox idxal etmək istəyirik. Eyni zamanda, biz birgə investisiya layihələri ilə bağlı əməkdaşlığa dair danışıqlar aparırıq. Bəlkə də investisiya üçün birgə bir qurum yaratmaq da olar. Çünki bəzən elə olur ki, Qətər ilə Azərbaycan bəzi ölkələrdə həmsərmayəçi olurlar, lakin bu, əlaqələndirilmiş siyasət vasitəsilə edilmir, necə deyərlər, fərdi addımlar vasitəsilə həyata keçirilir. Lakin biz bunu əlaqələndirə və öz investisiyalarımızla yeni bazarlara birgə daxil ola bilərik.
Biz güclü ölkələrik və əlbəttə ki, ərəb qardaşlarımızla əməkdaşlığımızın mühüm amili xalqlar arasındakı əlaqələrdir. Çünki biz ərəb dünyasında daha çox tanınmaq istəyirik. Biz gənc ölkəyik, cəmi 25 yaşımız var. Biz Sovet İttifaqının dəmir pərdəsi ilə müsəlman dünyasından ayrılmışdıq. 25 yaxşı yaşdır, lakin gənc yaşdır, biz tanınmalıyıq və siyasi, iqtisadi, mədəni əlaqələr vasitəsilə daha çox tanına bilərik. Bu, bizim üçün və düşünürəm ki, ərəb tərəfdaşlarımız üçün də çox yaxşı olacaq və bir daha iqtisadi, siyasi maraqlarımıza xidmət edəcək və müsəlman dünyasının birliyini gücləndirəcək. Çünki biz bilirik ki, bu birliyi görmək istəməyən qüvvələr var, onlar müsəlmanları ayırmaq, müsəlman dünyasında, necə deyərlər, xaos yaratmaq istəyirlər və təəssüf ki, bəzən bu, baş verir. Bizim siyasətimiz bizi bütün bunlardan qorumaqdan ibarətdir. Bizim bu il elan etdiyimiz “İslam Həmrəyliyi İli”, fikrimcə, bu işlərin həyata keçirilməsinə kömək edəcək”.
İlham Əliyev əlavə edib: “Mən ərəb qardaşlarımıza sülh, sabitlik, tərəqqi, uğurlar arzulayıram. Ərəb dünyasında quruculuğun müasir inkişafının gözəl nümunələri var və bizim üçün qardaş ölkə olan Qətər bu nümunələrdən biridir. Siz öz ənənələrinizə, köklərinizə çox bağlısınız. Eyni zamanda, siz iqtisadi inkişaf göstəriciləri, adambaşına düşən ümumi daxili məhsul baxımından ölkəni dünyanın ən aparıcı ölkələrindən birinə çevirmisiniz. Ölkəniz bir çox müsəlmanlara və müsəlman ölkələrinə yardımlar, kreditlər və investisiyalarla kömək edir. Düşünürəm ki, hamımız, müsəlman ölkələrinin bütün nümayəndələri inkişafın bu yaxşı nümunəsindən faydalana bilərik. Sözüm budur ki, Azərbaycan sizin qardaşınızdır. Demək istəyirəm ki, biz İslam həmrəyliyi və birliyinə çox sadiqik, bu istiqamətdə çox iş görürük. Eyni zamanda, Əl-Cəzirə kanalının çoxmilyonlu tamaşaçı auditoriyasından istifadə edərək bütün qardaşlarımızı Azərbaycana dəvət etmək istərdim”.
VOİCEPRESS.AZ