Nazirliyin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, İ.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamları pambıq və tütün istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. Bu ildən başlayaraq istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.
Respublika Komissiyasının iclasında pambıq və tütün istehsalçılarına pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi ilə bağlı 2 rayon (şəhər) komissiyasından və Kənd Təsərrüfatı Nazirliyinin 28 rayon(şəhər) idarəsindən daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 24 rayon (şəhər) üzrə 4145 istehsalçıya təhvil verdikləri 88728,1 min ton xam pambığa görə 8872,8 min manat və 7 rayon üzrə 197 istehsalçıya təhvil verdikləri 927,6 ton quru və 9981,1 ton yaş tütünə görə 96,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.
Pambıq və tütün istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq və tütün istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq və tütünün miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (www.agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcək.
VOİCEPRESS.AZ