Münxendən dünyaya çağırış: Dağlıq Qarabağ münaqişəsini belə həll etmək lazımdır

21 Fevral, 10:35

Fevralın 17-19-da Azərbaycan prezidenti İlham Əliyev qlobal əhəmiyyətli tədbirdə – Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Dövlətimizin başçısı konfrans çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da və Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə çıxışı zamanı enerji təhlükəsizliyi, nəqliyyat kimi vacib sahələrlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, Azərbaycanın haqlı mövqeyini yüksək səviyyəli beynəlxalq tədbirdən bütün dünyaya çatdırdı.
Müasir dövrdə enerji təhlükəsizliyi həm də ölkələrin milli təhlükəsizliyi deməkdir. Azərbaycan isə nəinki öz enerji təhlükəsizliyini təmin edir, eləcə də regionun, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev “dəyirmi masa”da çıxışında vurğuladı ki, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda ad qazanıb. Bu mənada “Cənub Qaz Dəhlizi”nə də toxunan dövlət başçısı onu Avropada ən böyük infrastruktur layihəsi adlandırıb, bu gün “Cənub Qaz Dəhlizi”nin artıq reallıq olduğunu qeyd edib:

“Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır və bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə, bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin bütün dörd seqmentinin səhmdarıdır və investor qismində də çıxış edir… Layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu, əlbəttə ki, artacaq və Avropa təşkilatları ilə əlaqələrimiz güclənəcək”.

Eyni zamanda, gənc ölkə olsa da Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını, dünyada hörmət edilən ölkə olduğunu bildirən İlham Əliyev bunun ən yaxşı nümunəsi kimi bir neçə il bundan əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini vurğulayıb. Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri olduğunu, bunun qarşılıqlı hörmətə əsaslandığını, qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını deyən dövlətimizin başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini, artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını bildirib. Bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü də şərh edən prezident Azərbaycanın ABŞ, Avropa və qonşularımız, o cümlədən, Rusiya ilə çox yaxşı münasibətləri olduğunu, həmçinin onların hörmət bəslədiyi ölkə olduğunu vurğulayıb.

Azərbaycanın 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyi enerji və nəqliyyat layihələrinin bu gün nəinki ölkəmiz üçün, region üçün də yaxşı nəticələr verdiyini deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın siyasəti birinci növbədə qonşularla, eyni zamanda, müsəlman dünyası və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Məlum olduğu kimi, Ermənistanın hərbi cinayətkar rejimi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma rejimdə “referendum” keçirməyə cəhd göstərir. Bir sıra ölkələr, beynəlxalq təşkilatlar bu qondarma “referendum”un nəticələrini tanımayacağını bəyan ediblər, lakin bəyanatlarla iş bitmir. Ermənistana qarşı qəti addımlar atmağın vaxtı çoxdan çatıb. Azərbaycan prezidenti Münxen Təhlükəsizlik Konfransında növbəti erməni təxribatına da toxundu. İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin iyirmi ildən artıqdır ki, kağız üzərində qaldığını, bütün münaqişələrin həllinin eyni prinsipə, eyni yanaşmaya əsaslanmalı olduğunu bildirdi:

“Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır”.

Panel-müzakirədə çıxış edən Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin konkret həll yolunu göstərdi. Bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair TŞ tərəfindən qəbul olunan qətnamələr yerinə yetirilməlidir. Dövlətimizin başçısı qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi “referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını, Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu “referendum”un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır. Dövlətimizin başçısı səylərin birləşdirilməsi və təcavüzkar Ermənistana torpaqları boşaltmaqla bağlı təzyiq göstəriləcəyi təqdirdə, münaqişənin tezliklə həll olunacağına ümid etdiyini vurğuladı.(trend)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here