Milli Məclisdə bələdiyyələrin nöqsanları açıqlandı

14 Fevral, 13:57

Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.

VOİCEPRESS-in xəbərinə görə, bu haqda ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Məruzədə qeyd edilib ki, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib.

2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb.

Həmin nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə tövsiyyələr verilib.

3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb ki, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib.

Ötən il bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsi tədbirlərinin sayı 87 faiz artıb. Bu tədbirlərdə iştirak edən bələdiyyə üzvləri və qulluqçularının sayı isə 71 faizi ötüb. 14 metodiki vəsait hazırlanaraq bələdiyyələrə göndərilib. 3 ayda proqramda 500 mindən çox vergi və ödəniş ödəyiciləri sistemdə qeydiyyatdan keçib.

2015-ci ilin 9 ayında vergi və ödənişlər üzrə gəlirlər 8 milyon 219 min 300 manat idisə, ötən ilin 9 ayında bu göstərici 17,5 faiz çox olub. Lakin bələdiyyələrin yığm səviyyəsində artım olsa da, görüləcək iş hələ çoxdur.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here