VOİCEPRESS-in məlumatına görə Azərbaycanın Türkiyədəki səfirliyindən təhsil müşaviri Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın dda iştirak etdiyi görüşdə nümayəndə heyətini Muğlada salamlamaqdan məmnunluğunu ifadə edən Universitetin rektoru Prof.Dr.Mansur Harmandar qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Muğla Sıtkı Koçman Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.Muğla Sıtkı Koçman Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Muğla Sıtkı Koçman Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib.
Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.
Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Muğla Sıtkı Koçman Universitetinin rektoru rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da da universitetdə əməkdaşlığın genişlənməsi,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva, Nəcibə Nəsibova və Nuriyyə Hüseynova Muğla Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib. Q.Paşayev həmçinin Muğla Sıtkı Koçman Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ