VOİCEPRESS xəbər verir ki, Millət vəkili, Dr. Qənirə Paşayeva Burdur Mehmet Akif Ersoy Universiteti rektoru Dr. Adem Korkmaz və universitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib. Azərbaycanın Türkiyədəki səfirliyindən təhsil müşaviri Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüşdə nümayəndə heyətini Burdurda salamlamaqdan məmnunluğunu ifadə edən Universitetin rektoru Dr. Adem Korkmaz qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Mehmet Akif Ersoy Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Mehmet Akif Ersoy Universitetində
təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində
Mehmet Akif Ersoy Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Burdur Mehmet Akif Ersoy Universitetinin rektoru rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali
təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da da universitetdə əməkdaşlığın genişlənməsi,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva, Nəcibə Nəsibova və Nuriyyə Hüseynova Burdur Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib. Q.Paşayev həmçinin Mehmet Akif Ersoy Universitetinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk torlumlarından olan tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini ilə görüşündə isə Burdurla Azərbaycan bölgələrinin qardaşlaşması təklifi yüksək səviyyədə dəstəklənib. Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini ilə görüşündə bu bölgədə Azərbaycanla bağlı və Qarabağ problemi ilə bağlı konfransların artması təklifi ilə çıxış edib. Türkiyənin Burdur bölgəsində Xocalı soyqırımı ilə bağlı konfrans verən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Burdur valisinin müavini Mehmet Yıldızla görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib.Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüş zamanı Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali müavini Mehmet Yıldız azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali müavini ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə bildirib. Millət vəkili Burdur vali müavininə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu
ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Burdur arasında əlaqələrin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili Q.Paşayeva görüşdə Burdurda təhsil alan azərbaycanlı tələbələr barədə də vali müavininə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Vali müavini Mehmet Yıldız millət vəkili Q.Paşayevanın Burdurda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynova da vali ilə görüş zaman iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinin önəmi barədə fikirlərini söyləyiblər və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva burdurda həmçinin fəal gənclər və qadın təşkilatları ilə də görüşüb, yerli KİV-lərə geniş müsahibələr verib və suallarını cavablandırıb.
VOİCEPRESS.AZ