Lapşinin ekstradisiyası Ermənistanın cinayətkar rejiminin növbəti məğlubiyyəti deməkdir

11 Fevral, 09:40

Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın cinayətkar rejiminin növbəti məğlubiyyəti, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflası deməkdir. Bir daha aydın oldu ki, dünyanın heç bir ölkəsi Ermənistan hakimiyyətinin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimi legitimləşdirmək cəhdlərinə dəstək vermir.

Azərbaycanın həm siyasi, həm də aprel döyüşləri başda olmaqla, hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini ifşa edir, onun iflasını daha da sürətləndirir.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan, Azərbaycan Respublikasının qanunlarını pozaraq işğal altında olan ərazilərimizə səfərlər etmiş, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar etmiş Aleksandr Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma rejimin təbliğatını aparan şəxslərə mesaj oldu. Bu onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edəcək.

Bəzi siyasətçilərin, o cümlədən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Aleksandr Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdlərinin isə heç bir hüquqi əsası yoxdur. Nalbandyan isə hansısa azadlıqdan danışmağa haqqı çatacaq ən axırıncı adamdır!

Barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.

Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi həm də Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ayrı-ayrı ölkələrin, siyasi dairələrin təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə aldı, qəti və obyektiv qərar qəbul edərək Aleksnadr Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə nümayiş etdirdi. Bu, həmçinin Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürüdür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here