Konstitusiya Məhkəməsi: Lapşinin təqsirinin dərəcəsi Azərbaycan məhkəməsi tərəfindən müəyyənləşdirilməlidir

10 Fevral, 09:59

Konstitusiya Məhkəməsi: Lapşinin təqsirinin dərəcəsi Azərbaycan məhkəməsi tərəfindən müəyyənləşdirilməlidir

Azərbaycan Konstitusiyası və müvafiq prosessual qanunvericiliyində Aleksandr Lapşinə qarşı qaldırılmış cinayət işinin obyektiv və ədalətli baxılması üçün demokratik dövlətə məxsus olan bütün təminatlar mövcuddur.

VOİCEPRESS bildirir ki, bunu Trend-ə eksklüziv olaraq Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşin haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə cinayət işi qaldırıb: “Xüsusi ilə vurğulamaq istərdim ki, vətəndaş Lapşin Cinayət Məcəlləsinin 281.1-ci maddəsində nəzərdə tutulan əməllərin təkrar törədilməsində ittiham olunur. Qeyd edilməlidir ki, cinayət məhz Azərbaycan ərazisində törədildiyinə görə Lapşinin Belarusun səlahiyyətli orqanlarının qərarı ilə Azərbaycana verilməsi bu sahədə prosedur qaydalarını tənzimləyən beynəlxalq müqavilələrin normalarına riayət etməklə həyata keçirilib”.

R.Quliyev bildirib ki, ittiham olunan şəxsin hüquqi məsuliyyəti və təqsirinin dərəcəsi isə Azərbaycanın müvafiq məhkəməsi tərəfindən müəyyənləşdirilməlidir.

Azərbaycanın məhkəmə sisteminin demokratik dövlətçilik prinsipləri əsasında qurulduğunu deyən R.Quliyev əlavə edib ki, hər hansı bir cinayətdə ittiham olunan şəxs vətəndaşlığından asılı olmayaraq, Azərbaycan Konstitusiyası ilə təmin edilən geniş prosessual hüquqlara malikdir. Bu hüquqlar həmçinin şəxsin Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin beşinci hissəsinə əsasən öz hüquq və azadlıqlarının müdafisəsi üçün Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanını nəzərdə tutur: “Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq prosessual qanunvericiliyində Aleksandr Lapşinə qarşı qaldırılmış cinayət işinin obyektiv və ədalətli baxılması üçün demokratik dövlətə məxsus olan bütün təminatlar mövcuddur. Aleksandr Lapşinin səfər etdiyi ərazilər bütün dünya birliyi tərəfindən qeyri-şərtsiz olaraq Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanınır”.

Ermənistanın dövlət orqanlarının onun ekstradisiyasını insan hüquqlarının pozulması kimi qiymətləndirməsinə gəldikdə, R.Quliyev qeyd edib ki, bu cür və buna oxşar çıxışlar tam əsassızdır: “Onların heç biri beynəlxalq hüquq normalarına əsaslanmır və bu məsələdə Ermənistanın mövqe bildirməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edirəm ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi günahsız soydaşlarımıza qarşı qeyri-legitim qondarma məhkəmə qərarlarının arxasında duran Ermənistan dövləti həmin bəyanatlarla bir daha nümayiş etdirir ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən hər cür əmələ dəstək verməyə hazırdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here